Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 58,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,6 %, qeyri neft-qaz sektorunda isə 7,2 % artıb.
Sənaye məhsulunun 64,4 %-i mədənçıxarma sektorunda, 29,8 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,9 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 %, mebel istehsalı 40,5 %, hazır metal məmulatlarının istehsalı 35,7 %, elektrik avadanlıqlarının istehsalı 29,6 %, geyim istehsalı 28,6 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 21,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7 %, içkilərin istehsalı 16,2 %, tikinti materiallarının istehsalı 15,6 %, qida məhsullarının istehsalı 9,3 %, tütün məmulatlarının istehsalı 8 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,6 %, kağız və karton istehsalı 7,1 %, kompüter, elektron və optik məhsulların istehsalı 7,1 %, kimya sənayesi məhsullarının istehsalı 6 %, sair sənaye məhsullarının istehsalı 1,3 % artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 3,7 %, neft məhsullarının istehsalı 5,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 6,4 %, poliqrafiya məhsullarının istehsalı 25,4 %, maşın və avadanlıqların istehsalı 46,1 %, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,5 % artıb.