"Sümük iliyi transplantasiyası yeni alınan avadanlıqlar vasitəsilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək".
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnzibati idarəetmə departamentinin Təchizat və satınalma şöbəsinin müdiri Anar Rəhimov deyib.
Anar Rəhimov Xidmətlər Zərfinə yeni daxil olan sümük iliyi transplantasiyası üçün yeni əhəmiyyətli avadanlıqlar alındığını bildirib: “Vətəndaşlar üçün dəyəri yüksək transplantasiya əməliyyatları icbari tibbi sığorta ilə artıq əlçatandır. Sümük iliyi transplantasiyası yeni alınmış avadanlıqlar vasitəsilə müasir müalicə üsulu olan aferez yolu ilə cərrahi müdaxilə olmadan həyata keçiriləcək. Artıq leykoz, mieloma, limfama kimi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin icbari tibbi sığorta çərçivəsində effektiv müalicəsi mümkün olacaq. Müasir tələblərə uyğunlaşan effektiv müalicə üsulunun tətbiqi sümük iliyi transplantasiyası əməliyyatının icrası üçün lazımi avadanlıq və resurslara qənaətə də imkan verir”.
Şöbə müdiri Agentlik tərəfindən alınan və əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən ianə olunan avadanlıqlar barədə də danışıb. Onun sözlərinə görə, 2022-2023-cü illərdə dəyəri 40 milyon manatdan çox olan 254 adda 3 344 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb.
Alınan avadanlıqlar:
• Ana və uşaq sağlamlığının qorunması
• Geniş spektrli müayinələrin aparılması və dəqiq diaqnozların təyini
• İnstrumental müayinələrin aparılması
• Laporoskopik əməliyyatların icrası
• Reanimasiya tədbirlərinin yaxşılaşdırılmasına xidmət edir.
O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Agentliyə ianə edilmiş avadanlıqların ümumi dəyəri 5 950 000 manatdır. Həmin avadanlıqların sırasında defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulanlar üçün küvəz, radiant qızdırıcı, fototerapiya cihazı, holter monitorunu və s. qeyd etmək olar.