Heydər Əliyev Fondunun prezidenti Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Heydər Əliyev Fondunun prezidenti Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar
Sağlamlıq
29 Dekabr , 2014 19:42

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasının yenidənqurmadan sonra açılışı olub.

"Report"un məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə Azərbaycanın birinci xanımına ətraflı məlumat verib. Bildirilib ki, 1986-cı ildə fəaliyyətə başlayan sanatoriyada heç vaxt təmir işləri aparılmayıb. Bina istifadəyə yararsız olduğundan 2012-ci ilin iyunundan burada yenidənqurma işlərinə başlanılıb. Altımərtəbəli binanın ümumi sahəsi 8 min kvadratmetrdir. Sanatoriyanın elektrokardioqrafiya, fizioterapiya, tədris-məşğələ, psixoloq, oyun otaqları və palataları ən müasir tibbi avadanlıqla təchiz edilib. Binada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə xidmət göstərməsi üçün geniş imkanlar var. Səhiyyə müəssisəsində somatik xəstəliyi olan 4-14 yaşlı uşaqlar müalicə alacaqlar. Sanatoriyaya respublikanın bütün bölgələrindən olan uşaqlar qəbul edilir. Tibb ocağında xüsusi qulluğa ehtiyacı olan uşaqların anaları üçün də palata nəzərdə tutulub. Binada fizioterapiya və bərpa şöbəsi, müalicəvi idman və 100 yerlik akt zalları, müalicəvi vannaların olduğu dörd otaq yaradılıb.

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin əsas prioritetləridir.

Ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili ilə yanaşı, onların sağlamlığının qorunması da dövlətin daim diqqət mərkəzindədir. Bu məsələyə Heydər Əliyev Fondu da öz töhfəsini verir. Ölkədə uşaqların sağlamlığının qorunması, eyni zamanda, səhiyyə sisteminin daha da təkmilləşdirilməsi, onun maddi-texniki bazasının müasirləşdirilməsi işində Fondun həyata keçirdiyi çoxsaylı proqram, layihə və tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu tədbirlərin uğurlu icrası nəticəsində Azərbaycanda çoxlu səhiyyə ocağı inşa edilib, ən müasir tibbi avadanlıq və inventarla təchiz olunub. Mövcud səhiyyə müəssisələrinin bir çoxu isə əsaslı təmir edilərək istifadəyə verilib.

Səhiyyə Nazirliyinin Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasında yenidənqurmadan sonra yaradılan şərait bir daha təsdiqləyir ki, gələcəyimiz olan uşaqların sağlam böyümələri üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.

Son xəbərlər

Orphus sistemi