"Qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır".
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.
AQTA sədri bildirib ki, fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur:
"Son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir".
O qeyd edib ki, bu sahədə FAO, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların həyata keçirdiyi geniş miqyaslı və məqsədyönlü çalışmalar, o cümlədən bitki mühafizəsi sahəsində yeni standart və təlimatların hazırlanması dünyada bitki örtüyünün qorunması, aclığın və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılması üçün olduqca əhəmiyyətlidir".