İranlı deputat koronavirusdan sağaldı

İranlı deputat koronavirusdan sağaldı Koronavirusa yoluxan İran parlamentinin üzvü Zöhrə İlahian müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Region
11 Mart , 2020 12:05
İranlı deputat koronavirusdan sağaldı

Koronavirusa yoluxan İran parlamentinin üzvü Zöhrə İlahian müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

“Report” “Hurriyet”ə isitinadən xəbər verir ki, bu barədə o, İranın rəsmi televiziya kanalına görüntülü açıqlamasında bildirib.

Deputat Zöhrə İlahian ixtisasca həkimdir. O, açıqlamasında virusdan qorunmaq üçün məsləhət də verib.

Qeyd edək ki, Z.İlahianın müşaviri Mustafa Feyli martın 5-də onun “Covid-19”la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığını bildirmişdi.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 291 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 881 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 8 042 nəfərə çatıb.

K.Cahanpur həmçinin 2 731 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi və İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq 17 əyalətə girişi qadağan edib.

Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 235-ə çatıb. Bunların 66 578 nəfəri sağalıb, 4 300 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi