"Sabah"ın 127 yaşlı rəqibi: "Vikinq"in iki baş məşqçi modeli ilə çempionluğa gedən yolu
- 02 noyabr, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundakı rəqibi Norveçin "Vikinq" klubu 1899-cu ildə yaradılıb.
"Report"un məlumatına görə, Stavanger şəhərini təmsil edən köklü komanda 9 qat ölkə çempionu, Norveç Kubokunun 6 qat qalibidir.
Komanda ev oyunlarını 16 300 tamaşaçı tutumuna malik "Vikinq stadionu"nda keçirir.
"Viking" dünya futbolunda nadir rast gəlinən model tətbiq edir – komandaya iki bərabərhüquqlu baş məşqçi rəhbərlik edir. Bunlar Byarte Lunde Aarsheym və Morten Yensendir. Hər ikisi 2021-ci ildən komandaya rəhbərlik edir. Onlar eyni səlahiyyətə malikdirlər. Məşq prosesini, taktiki hazırlığı birlikdə idarə edirlər. Aarsheym əsasən müdafiə, Yensen isə hücum üzərində çalışır. Heyət seçimi və digər mühüm qərarları müzakirə edərək birgə qəbul edirlər. Bu əməkdaşlıq 2025-ci ildə komandaya 34 illik fasilədən sonra Norveç çempionluğunu qazandırıb. Klubun rəhbəri isə Yan Henrik Celsadır.
Klubun ən parlaq dövrü 1970-ci illərə təsadüf edir. "Vikinq" 1972, 1973, 1974, 1975-ci illərdə ardıcıl dörd dəfə Norveç çempionluğuna sahib çıxıb.
Komanda hazırda 59 xalla ölkə çempionatında liderdir. İkinci sıradakı "Budyo Qlimt"in də eyni xalı var. Stavanger təmsilçisinin heyətinin əsasını norveçli oyunçular təşkil edir. Lakin Slovakiya, Danimarka, Niderland, Avstraliya, Yeni Zelandiya, İslandiya və Qanadan olan legionerləri də var.
"Vikinq" qitənin bir nömrəli klub turnirinin Liqa mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə "Aston Villa"ya, Almaniyada "Ştutqart"a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi "Bavariya" ilə bərabərə qalıb - 3:3.
Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.