Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

Region
  • 17 fevral, 2026
  • 12:11
Türkiyədə LGBT təbliğatı ilə bağlı cəzalar sərtləşdirilir

Türkiyədə LGBT-ni təbliğ və təşviq edən şəxslər 3 ilədək həbs cəzasına (mövcud qanunda 1 il) məhkum ediləcək.

"Report"un "Yeni Gazete"yə istinadən verdiyi xəbərə görə, Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən hazırlanan yeni layihə əsasında Mülki və Cinayət məcəllələrində dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, eyni cinsdən olan şəxslərin nişan və evlilik mərasimi keçirməsinə görə 4 ilədək həbs cəzası tətbiq ediləcək.

Layihədə cinsiyyət dəyişdirilməsi ilə bağlı sərt qaydalar nəzərdə tutulur. Cinsiyyətini dəyişmək istəyən şəxs məhkəməyə şəxsən müraciət edərək icazə istəməlidir. İcazənin verilməsi üçün müraciət edən şəxsin 25 yaşını tamamlaması və evli olmaması tələb ediləcək. Mövcud qanunvericilikdə bu yaş həddi 18-dir.

Həmçinin, qanunla müəyyən edilmiş şərtlərə zidd olaraq şəxsin cinsiyyətini dəyişdirməyə yönəlik hər hansı tibbi müdaxilə edən şəxs 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə və 1000 gündən 10 min günədək məhkəmə cəriməsi ilə cəzalandırılacaq. Əgər cinsiyyət dəyişdirmə əməliyyatı uşağa qarşı və ya səlahiyyəti olmayan şəxs tərəfindən aparılarsa, göstərilən cəzalar iki dəfə artırılacaq.

Qanuna zidd olaraq cinsiyyət dəyişdirilməsi məqsədilə tibbi müdaxilə etdirən şəxs isə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası alacaq.

Bildirilib ki, dəyişikliklərin təklif edilməsində məqsəd ailə institutunun qorunması, cəmiyyətin ümumi əxlaqına və dəyərlərinə yönəlmiş hücumların qarşısının alınması, eyni zamanda, "cinsiyyətsizləşdirmə" cərəyanları ilə daha effektiv mübarizə aparmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti