Tramp: İranın nüvə proqramı ilə bağlı razılaşmanın taleyinə 10 gün ərzində aydınlıq gətiriləcək
- 19 fevral, 2026
- 19:22
ABŞ ilə İran arasında yaxşı danışıqlar aparılır.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin fəaliyyətinə toxunarkən bildirib.
"Bildiyiniz kimi, onların İranın qaynar nöqtə olması ilə bağlı məsələlər üzrə çox maraqlı görüşləri olub. Onlar İran nümayəndələri ilə görüşür və yaxşı münasibətlər saxlayırlar. Yaxşı danışıqlar gedir", - Tramp deyib.
Prezident Tramp son illər ərzində İranla həqiqətən məzmunlu sazişin bağlanmasının asan olmadığının aydın olduğunu vurğulayıb.
"Biz məhz məzmunlu saziş bağlamalıyıq. Əks halda pis şeylər baş verə bilər. Lakin bizə real, əhəmiyyətli razılaşma lazımdır", - o qeyd edib.
ABŞ Prezidenti bildirib ki, İranın nüvə proqramı ilə bağlı razılaşmanın taleyinə 10 gün ərzində aydınlıq gətiriləcək.