Moskva və Rusiyanın digər bölgələrində mikoplazma pnevmoniyası xəstələrinin sayı artır.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, son bir ildə mikoplazma pnevmoniyası xəstəliyi kəskin artıb. Məsələn, 2023-cü ilin oktyabr-dekabr aylarında xəstələrdə “Mycoplasma pneumoniae” aşkarlanması tezliyi cəmi 4,9 % idisə, cari ilin eyni dövründə (dekabr nəzərə alınmadan) bu göstərici təxminən dörd dəfə artaraq 19,6 %-ə çatıb.
“Xəstəliyin alovlanmaları ölkənin müxtəlif bölgələrində qeydə alınır. Eyni zamanda, xəstəliyin özü aşkar şəkildə getmir və insanlar diaqnozlarını bilmədən təcrid olunmur və başqalarını yoluxdururlar. Təhlükə aşkar simptomların olmamasındadır. Xəstələrdə normal temperatur qalır və bəlğəm ifraz olunmur. Xəstəliyi yalnız tez-tez diqqətdən kənarda qalan yüngül öskürək aşkar edə bilər. Müalicənin olmaması ağciyər fibrozunun yaranmasına səbəb olur, insanlar digər infeksiyalara qarşı həssas olurlar”, – “İzvestiya”nın həmsöhbəti tibb elmləri namizədi Dmitri Bulanov qeyd edib.
Mütəxəssisin sözlərinə görə, pnevmoniyanın profilaktikası bir neçə məqamı, o cümlədən pnevmokok, hemofilik infeksiya və qripə qarşı peyvəndləməni əhatə edir.
“Risk qrupuna daxil olan insanlar, o cümlədən yaşlı xəstələr, xronik xəstəlikləri olan insanlar və qocalar evi kimi təşkilati kollektivlərdə yaşayanlar üçün qripə qarşı müntəzəm peyvənd vacibdir. Bu, orqanizmin immunitet yaratmağa vaxt tapması üçün epidemiya mövsümü başlamazdan öncə edilməlidir”, – D.Bulanov əlavə edib.