Gürcüstan və Türkiyənin daxili işlər nazirləri gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB
- 23 dekabr, 2025
- 20:29
Türkiyədə səfərdə olan Gürcüstanın daxili işlər naziri Geka Geladze bu ölkənin daxili işlər naziri Əli Yerlikaya ilə ikitərəfli görüş keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında hüquq-mühafizə sahəsində mövcud tərəfdaşlıq münasibətləri, bu əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri və prioritet istiqamətlər müzakirə olunub.
Əli Yerlikaya Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğraması zamanı göstərilən dəstəyə, eləcə də effektiv əməkdaşlığa görə gürcü həmkarına bir daha təşəkkürünü bildirib.
Səfər çərçivəsində Geka Geladze nümayəndə heyəti ilə birlikdə Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul Polis İdarəsini də ziyarət edib. Nazir qurumun fəaliyyəti, iş istiqamətləri və struktur xüsusiyyətləri ilə tanış olub.
Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Respublikasında rəsmi səfərdədir.
"Report"un Gürcüstan bürosu ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstan nümayəndə heyətini Türkiyənin daxili işlər naziri Əli Yerlikaya qəbul edib.
Səfər çərçivəsində Geka Geladze türkiyəli həmkarı ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı Gürcüstan və Türkiyə arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlıq, tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq.
Bundan əlavə, Gürcüstanın daxili işlər naziri Türkiyə Daxili İşlər Nazirliyinin polis bölmələrinə baş çəkəcək, onların fəaliyyət xüsusiyyətləri və mövcud infrastrukturu ilə yerində tanış olacaq.