Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.
Hazırda sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.
Dağıstanın ictimai monitorinq komissiyasının sədr müavini Şamil Xadulayev bildirib ki, pravoslav kilsəsinə qarşı edilən hücum zamanı keşiş və mühafizəçi öldürülüb.
Mahaçqala və Dərbənddə baş verən atışmadan sonra Dağıstanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd edilir.