Azərbaycan məhsulları Ankarada beynəlxalq xeyriyyə tədbirində maraqla qarşılanıb

Region
  • 07 dekabr, 2025
  • 16:35
Azərbaycan məhsulları Ankarada beynəlxalq xeyriyyə tədbirində maraqla qarşılanıb

Ankarada Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib.

"Report"un Türkiyə Bürosunun verdiyi xəbərə görə, tədbirə beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət göstərən 50 ölkənin diplomatik missiyalarını nümayəndələri, onların həyat yoldaşları iştirak edib, o cümlədən mətbuat nümayəndələri, sakinlər qatılıblar.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı Günel Məmmədova bildirib ki, stendlərdən birində Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif cay və başqa məhsullar, kiçik xalça nümunələri, kəlağayı və digər suvenirlər nümayiş olunub.

Sərgi təşkilatçılarının bildirdiyinə görə, Azərbaycan məhsulları daha çox ziyarətçilərin marağına səbəb olub.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrə, o cümlədən Azərbaycana məxsus rəqs və şou nümunələri təqdim edilib.

Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbəri Simay Gümrükçü "Report"un yerli bürosuna bildirib ki, tədbirin ərsəyə gəlməsində rəhbərlik etdiyi təşkilatın, o cümlədən xaricdə və Ankarada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mənsublarının və həyat yoldaşlarının böyük zəhməti var: "Bu səbəbdən də xeyriyyə tədbirini iki ildən bir təşkil etmək mümkün olur".

Ankarada fəaliyyət göstərən Azərbaycan, Sloveniya, Makedoniya, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Yaponiya, Banqladeş, Filippin, İran stendlərində təmsil olunan diplomatik nümayəndələr "Report"a açıqlamalarında xeyriyyə tədbirini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.

Dərnək illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti