“Nə vaxtsa öz ev-eşiyimizə qayıtmaq ümidi ilə yaşayırdıq”.
Bu sözləri “Report”a müsahibəsində 1992-ci ildən bugünədək məcburi köçkün həyatı yaşayan Şuşa sakini Kamil Zeynalov deyib.
İyirmi səkkiz ildir məcburi köçkün həyatı yaşayan K.Zeynalov Şuşa ilə bağlı xatirələrini və sevincini bizimlə paylaşıb.
K.Zeynalov qeyd edib ki, bu gün qohumları zəng edərək, onu Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik ediblər. O, şəhərin hər yerini xatırladığını bildirib: “İşdən çıxıb evə gedərdik. Bundan sonra uşaqları da parka aparardıq.
Ata evimiz Çuxurməhlə adlanan yerdə idi. Lakin sonra şəhərin mərkəzində ev aldım. Ancaq ermənilər Şuşanın işğalından əvvəl evi mərmi atəşinə tutmuşdular”.
K.Zeynalov sevincinin həddi, hüdudunun olmadığını vurğulayıb.