"Həqiqi hərbi xidmətdən qayıdandan sonra tez-tez yuxularımda ikinci dəfə hərbi xidmətə getdiyimi görürdüm".
Bunu "Report"a müsahibəsində "Oxu.az"ın əməkdaşı, Vətən müharibəsi iştirakçısı Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, içində hər zaman yenidən döyüşlərdə iştirak edəcəyinə dair hisslər olub: "Yuxumda sanki ilahi bir qüvvə mənə bu döyüşlərdə iştirak etməli olduğumu deyirdi. Əslində, belə şeylərə çox bağlı olan adam deyiləm. Ancaq proseslərdən sonra əmin oldum ki, elə bu mənə verilən bir mesaj imiş. Müharibəyə çağırılma xəbərim də doğum günündə gəlib. 2020-ci il sentyabrın 28-i gecə müharibəyə çağırıldım. Söhbətini etdiyim yuxuları isə müharibədən qayıdandan sonra görmədim".
A.Kərimov bildirib ki, səfərbərliyin elan olunacağı ilə bağlı mətbuat konfransı keçiriləndə tədbirdə jurnalist kimi iştirak edib: "Mən onda əmin idim ki, hərbi xidmətə çağıralacağam. Elə düşündüyüm kimi də oldu. Ayın 30-da cəbhə bölgəsinə yollandıq. Bu şərəfli missiyanı mənə tanıdıqları üçün bu gün də qürur duyuram. Müharibdə qələbəni təmin edən təkcə döyüş deyil, həm siyasi iradə, həm də xalqın gücüdür".
O, müharibə zamanı zabitlər və əsgərlər arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayıb: "Orada olanda deyirdim ki, bir müddət sonra orqanizmim sıradan çıxacaq. Çünki soyuq insanın iliyinə işləyirdi. Bir müddət belə gecələdikdən sonra bizə təlimat gəldi ki, cəbhənin müxtəlif istiqamətində ərazilər işğaldan azad olunub. Bu xəbərlər bizə ruh verirdi. İnsanı ayaqda saxlayan məqamlar var. Onlardan biri də qorxudur, müharibədə qorxu həyəcana çevrilməməlidir. Bu hərbçinin ən böyük səhvi olar. Arxada səni gözləyən bir ailənin olması insana güc verən əsas amillərdəndir. Sən düşünürsən ki, mən bura ölməyə yox, öldürməyə gəlmişəm. Bizim savaşımız haqq savaşıdır, qalib olmalı, ümidləri doğrultmalı və 30 illik həsrətə son qoymalıyıq. Bunun öhdəsindən gəlməyi bacardıq".