Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 22:07
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir

Albaniyada ölkənin siyasi elitasının dəyişdirilməsi və gənclərin ölkəni tərk etməsinin qarşısının alınması üçün daha yaxşı şəraitin yaradılması tələbi ilə keçirilən etiraz aksiyaları beşinci gündür davam edir.

"Report"un Balkan bürosu xəbər verir ki, şənbə günü nümayişçilər Təhsil Nazirliyinin binası qarşısında dörd saat davam edən aksiyadan sonra baş nazirin ofisinə doğru yürüş ediblər.

Etirazçılar paytaxt Tiranada "Millət Şəhidləri" bulvarı boyunca toplaşıblar. Ərazidə nümayişçilərlə polis arasında gərginlik yenidən artıb.

Etirazçılar təhlükəsizlik perimetrinə yaxınlaşdıqdan sonra polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Maskalı gənclər isə polis əməkdaşlarına daş atmağa davam ediblər.

Baş verən toqquşmalara baxmayaraq, yürüş iştirakçıları baş nazirin ofisinin qarşısındakı meydana doğru hərəkətlərini davam etdiriblər. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və çoxlu sayda polis əməkdaşı yerləşdirilib. Bundan başqa, küçələrdə pirotexniki vasitələrdən istifadə nəticəsində yanğınlar baş verib.

Məlumata görə, aksiyalar zamanı ilk zorakılıq halları günorta saatlarında qeydə alınıb. Maskalı nümayişçilər Təhsil Nazirliyinin yaxınlığındakı metal məhəccərləri sökərək yolun ortasına yerləşdiriblər.

Nümayişçilər siyasi sistemdə dəyişikliklər edilməsini və gənclərin Albaniyadan miqrasiyasına səbəb olan problemlərin aradan qaldırılması üçün daha əlverişli şərait yaradılmasını tələb edirlər.

44 - Tezliklə