“Bütün valideynlər uşağının ilk sırada oturmağını istəyir” - BİLİK GÜNÜ

“Bütün valideynlər uşağının ilk sırada oturmağını istəyir” - BİLİK GÜNÜ “Mən şagirdlərimə sevinməyi də, kədərlənməyi də öyrədirəm”
Multimedia
15 Sentyabr , 2017 09:05
“Bütün valideynlər uşağının ilk sırada oturmağını istəyir” - BİLİK GÜNÜ
Report / Orxan Əzim

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Hər il yaşımın üstünə yaş gəlir, amma mən bunu hiss etmirəm. Uşaqlarla işləmək həm fizioloji, həm mənəvi cavan qalmaq deməkdir”.

Bunu “Report”un əməkdaşı ilə söhbətində Bakı şəhəri, Xətai rayonu, 221 saylı orta məktəbin müəllimi Leyla Maqsudova deyib.

O, 18 yaşından müəllim işləyir. Bu şərəfli adı daşımaq onun uşaqlıq arzusu olub. Həmişə balacaları başına toplayıb nəsə öyrətməyə, onlara nəsə danışmağa çalışırmış. Özünün dediyinə görə, bu genetikadan gələn bir şeydir. Çünki anası da, qan qohumluğu olan insanlardan çoxu da müəllim olublar.

“Uşaqlar məktəbə qədəm qoyanda ilk müəlliminin xarakterini götürür” - deyir müsahibim. Necə ki, körpə gözünü açanda valideynini görür, onun dilini, dinini, xarakterini götürür, təhsilə ilk addım da elədir, ilk müəllim hər kəsin həyatında mühüm rol oynayır. L.Maqsudova çalışır ki, uşaqlara müsbət xarakterlər ötürsün ki, onlar layiqli vətəndaş kimi yetişsinlər.

L.Maqsudova şagirdləri ilə ciddi davrandığını deyir: “Şagirdlərimə mənim yanımda çox ərköyünlük etməyə icazə vermirəm, dərslərimdə ciddiyyət olur. Onlar məni müəllimləri kimi görməlidirlər. İlk gündən onlara olan münasibətimi, onların necə olacaqlarını, məsuliyyətlərini, vəzifələrini başa salmağa çalışıram. Onlarla şəxsiyyət kimi davranıram, “sakit dur”, “niyə belə etdin” deməyə ehtiyac qalmır”.

Müsahibim deyir ki, indiki dövrün müəllimləri hər gün öz üzərlərində işləməlidirlər, yəni müəllim də şagird qədər oxumalıdır. Çünki indiki dərs materialları onun ilk işə başladığı - 2001-ci illə müqayisədə çox fərqlidir. Leyla Maqsudovanın dediyinə görə, birinci sinif götürəndə ilk məqsədi bütün şagirdlərinə özünü sevdirmək olur. Səbəb isə odur ki, uşaq əgər müəllimini sevirsə ondan tənqidi də qəbul edir, həm də müəllim həmin şagirdləri pedaqoq kimi idarə edə bilir. L.Maqsudova dördüncü sinifi bitirdikdən sonra şagirdləri ilə əlaqəsini kəsmir. Hətta şagirdləri 11-ci sinifdə oxuyanda onlara xüsusi diqqət göstərir. Son zənglərinin hazırlıq prosesində onlara dəstək olur.

Məktəbi bitirəndən sonra da şagirdləri gəlib onunla görüşürlər, xatirələrini bölüşürlər.

Şagirdləri ilə bağlı maraqlı, hətta məzəli xatirələrini bölüşən S.Maqsudova birinci sinifdə oxuyan, məktəbə yeni gələn bir şagirdi haqqında əhvalatı da bizə danışdı: “Yeni birinci sinifə gələn şagirdlərimdən birini şeir danışmaq üçün çağırdım. Gəldi lövhəyə və çox yavaşdan dərs danışmağa başladı, bir-iki dəfə “səsli danış, oğlum, səni eşitmirəm” desəm də, o eyni templə davam etdi. Nəhayət dönüb dedim ki, “Ucadan danış!”. O isə ayaq barmaqlarının ucuna qalxaraq davam etməyə başladı (gülür)”.

Uşaqların kiçik yaşlarda bir-birinə eşq elan etmələrini hamımız eşitmişik. Müəllim deyir ki, indi sinif otaqlarında kameralar olur deyə, daha belə vəziyyətlərlə rastlaşmırlar: “Amma əvvəllər olurdu, hətta bir neçə dəfə oğlan şagirdlərimin kağıza sevgi etirafı yazıb qız sinif yoldaşının partasına atdığını tutmuşam. Həmin kağızı götürüb, saxlamışam, dərsdən sonra onunla söhbət etmişəm. Valideynlərlə görüşdə onlara uşaqları seriallardan uzaq tutmaqları ilə bağlı xəbərdarlıq etmişəm. Mən şagirdlərimi kollektivin içərisində danlamamağa çalışıram”.

Mənə isə balaca oğlanların yazdığı eşq naməsində nə yazıldığı maraqlı gəlmişdi, səbrlə müsahibimi dinlədim və sonda, o kağızlarda nə yazıldığını soruşdum. Müəllim dediyinə görə, orada yalnız böyük ürək şəkli, yanına isə “səni sevirəm” sözü olurmuş...

Şagirdlərin gələcək haqqında arzularına gəlincə, müsahibimin ancaq bir şagirdinin arzusunu yaddaşında saxlayıb. O deyir ki, uşaqların adətən arzuları standart olur: balacalar müəllim, həkim, polis olmaq istəyirlər. 16 illik iş prosesində şagirdlərindən ancaq birinin fərqli arzusu olub. Həmin şagird kosmonavt olmaq istəyirmiş, onun üçün gələcək digər uşaqlardan fərqli və daha parlaq görünürmüş. İndi həmin oğlan ADA universitetinin tələbəsidir.

Müəllim indiki şagirdlərdən şikayət də etdi. O, deyir ki, uşaqların çoxu diqqətsizdir, diqqətləri tez yayınır, kaprizli, nazlı olurlar, al-əlvanlığı sevirlər: “Müəllimlər uşaqların istəklərinə uyğun dərs keçməlidir. İndi dərs keçmək üçün müxtəlif vəsaitlərdən istifadə edirlər, çünki proqramlar çətinləşir, həm müəllimin, həm də uşağın qarşısına qoyulan şərtlər ağırlaşıb. Şagirdlərə dərslərini yaxşı oxumaq üçün motivasiya vermək lazımdır, məsələn “bu həftə hamı yaxşı oxusa, həftəsonu zooparka gedəcəyik”…”

Müəllim deyir ki, şagirdlərlə dərsdən başqa gəzintiyə də gedirlər, tədbirlər, səhnəciklər hazırlayır: “Mən şagirdlərimə sevinməyi də, kədərlənməyi də öyrədirəm. Onlarla həm şən, həm də kədərli səhnəciklər hazırlayırıq. Əsasən isə vətənpərvərlik duyğusuna diqqət edirəm .Torpaqlarımızın işğalı günləri ilə bağlı da səhnəciklər hazırlayırıq. Xocalı faciəsi ilə bağlı 2-ci sinif şagirdlərimlə hazırladığımız səhnəcikdən bəziləri narazı qalmışdı, amma uşaqlarımız bu hadisələrin reallığını dərk etməlidirlər”.

L.Maqsudovanın hazırda dərs dediyi sinfində 30 uşaq var, uşaqların sayının çox və ya az olmasına baxmayaraq dərs prosesində heç kəs diqqətdən kənarda qalmır.

Dərs prosesində maraqlı hadisələrlə nəticələnən hallardan biri də uşaqların dəftər-kitablarını evdə qoymaları, ya da dərslərini öyrənməmələridir. Müsahibim deyir ki, indi belə hallara az rast gəlinir. Müəllim deyir ki, şagirdləri nəyisə evdə qoyanda məktəbin həyətindən ağlaya-ağlaya gəlirlər: “Bəlkə də kənardan elə görünür ki, onlar məndən qorxurlar, xeyir, mən onların hər biri ilə dostam. Sadəcə onlar məsuliyyətlərini dərk edirlər. Onlar ağlayanda da mən onlara “eybi olmaz, keç, amma bir də yadından çıxmasın”dan artıq heç nə demirəm, çünki onlar artıq öz səhvlərini başa düşüblər”.

Valideynlərlə münasibətə gəlincə, müsahibim deyir ki, ilk çətinlik sıra ilə bağlıdır: “Bütün valideynlər uşağının ilk sırada oturmağını istəyir, başa salmağa çalışırıq ki, bunun heç bir fərqi yoxdur. Ümumiyyətlə, müəlimlə şagird arasında olan münasibətin valideyn səviyyəsinə qalxmağına icazə vermirəm. Bu mənim ilk görüşdən valideynlərə və şagirdlərə dediyim fikirdir. Əgər mən bacarmasam kimsə müdaxilə edə bilər, mənsə şagirdlərimlə münasibətimi tənzimləyə bilirəm”.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi