Milli Məclisin bu gün keçirilən plenar iclasında “Texniki tənzimləmə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki, qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir.
Bu qanun mallar (işlər, xidmətlər), onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.
Texniki tənzimləmənin məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, malların rəqabət qabiliyyətliyinin artırılmasıdır.
Texniki tənzimləmənin prinsipləri bunlardır:
1.qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq,
2. yerli və xarici ölkə mənşəli mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsinə vahid yanaşma,
3. milli iqtisadiyyatın texnoloji inkişaf səviyyəsinə uyğunluğu,
4. uyğunluğu qiymətləndirən qurumların təsərrüfat subyektindən asılılığının yolverilməzliyi,
5. akkreditasiya və sertifikatlaşdırmanının həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməzliyi,
6. akkreditasiya və uyğunluğun qiymətləndirilməsi səlahiyyətlərinin eyni qurumda cəmləşdirilməsinin yolverilməzliyi,
7. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə liberal biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi,
8. texniki tənzimləmə üzrə məcburi tələblərin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və malların keyfiyyətinin bazar rəqabəti əsasında tənzimlənməsi,
9. sahibkarların fəaliyyətinə minimum müdaxilənin təmin edilməsi və tələblərə uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların istifadəsinə imkan yaradılması,
10. istehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumlara həvalə edilməsi.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.