“Demokratik dövlətdə ifadə azadlığına, toplaşmaq və birləşmək azadlığına maksimum təminat verilməlidir. Hesab edirik ki, yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi məhz bu təminatı verir”.
“Report” xəbər verir ki, bu sözləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, Avropa İnsan Haqları Konvesiyası qeyd edir ki, siyasi partiyalarla birləşmək hüququ dövlətlər tərəfindən qorunur və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətlər də ola bilər:
“Hazırlanmış qanun layihəsinin 3.2-ci maddəsi məhz həmin tələbi özündə tam ehtiva edir. Çünki qanun layihəsində təklif olunan bir sıra məhdudiyyətlər aydın şəkildə göstərilib və mütənasibdir. Üç komitə layihə üzərində işçi qaydada çalışsa da, ictimai müzakirələrdə komitə üzvü olmayan deputatlar da iştirak edib. Bizim parlamentin bir çox üzvləri bu layihənin müzakirəsində aktiv iştirak edib. Əminəm ki, ölkəmizdə siyasi islahatlar həyata keçirilməsinə, siyasi sistemə töhfə verəcək qanun layihəsi birinci oxunuşda qəbul ediləcək”.