Yuxarı

Deputatlar viza tələbinin ləğvi barədə: "Bu qərar dostluğun, qardaşlığın bariz nümunəsidir" - RƏYLƏR

​Deputatlar vizanın ləğv edilməsindən danışdılar

“Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbinin ləğv edilməsi üçün iki ölkə arasında problem yox idi və Azərbaycanın bu qərarı ilə məsələ tam hüqüqi həllini tapdı.Bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq və əlaqələrimizin güclənməsinə səbəb olacaq”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir yerdədir: “Dostluğumuz daim inkişaf edəcək. Qardaşlıq və dostluq münasibətlərimiz ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə söykənir və inkişaf edir”.

İşçi qrupunun digər üzvü Kamilə Əliyeva "Report"a açıqlamasında bu qərarı yüksək qiymətləndirib: “Prezident İlham Əliyevin Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbinin ləğv etməsini təqdir edirik. Hamıya məlumdur ki, Türkiyə və Azərbaycan xalqı qardaşdırlar, dostdurlar. “Bir millət, iki dövlət” ifadəsi əbəs yerə deyilmir... Türkiyənin kədəri, sevinci Azərbaycanın, Azərbaycanın kədəri, sevinci Türkiyənindir. Biz eyni mədəniyyətin, dəyərlərin daşıyıcıları sayılırıq. Türkiyə və Azərbaycan xalqları həmişə bir-birilərinə dəstək olublar. Türkiyəni təmsil olunmadığı beynəlxalq tədbirlərdə Azərbaycan, Azərbaycanı təmsil olunmadığı tədbirdə isə Türkiyə təmsil edir”.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə münasibətlər daha sıx olub: “Azərbaycan son 28 ildə Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq edib. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu əlaqələrin inkişaf etdirilməsində prezidentlərin çox böyük rolu olub. Hazırda Azərbaycan Türkiyə ilə bir sıra beynəlxalq layihələr həyata keçirir. Bu münasibətlərin fonunda Türkiyə vətəndaşları üçün viza tələbinin ləğv edilməsi müsbət addımdır. Hesab edirəm ki, bu, tarixi qərardır. Bu qərar dostluğun, qardaşlığın bariz nümunəsidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi