“Azərbaycan-Türkiyə münasibətlərindən yanlış istifadə etməyə çalışan qüvvələr var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, mayın 14-də Türkiyədə keçiriləcək seçkiləri Azərbaycan vətəndaşlarının da diqqətlə izlədiyini xatırladıb: “Bu seçkilərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, “bir millət, iki dövlət”dir. Ancaq təəssüf ki, bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var”.
“Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Təbii ki, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində yetərincə məlumatlı deyil. Bundan başqa, müxalifət liderinin daha öncə təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədə Azərbaycan və Qazaxıstan kənarda qalırlar? Yolun əsas hissəsi düşmənimiz Ermənistana açıq-aşkar kömək edən İran ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman ki, müxalifətin liderinin bu bəyanatı onların səslərinə hesablanıb”, - deyə deputat qeyd edib.