Azərbaycana gələn turistlərin tibbi müayinədən keçmələri və vaksinasiya olunmaları təklif edillir.
"Report"un xəbərinə görə, bu, "Turizm haqqında" qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.
Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri vardır:
Turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;
Turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;
Bu Qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.