Özbəkistan nümayəndəsi: Türk dövlətlərinin birgə faktların yoxlanılması mərkəzləri yaradılmalıdır
- 19 dekabr, 2025
- 12:30
Türk dövlətlərinin dezinformasiya ilə mübarizəsi çərçivəsində birgə faktların yoxlanılması mərkəzləri yaradılmalıdır.
"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın "Aloqabank"ın prezidenti, dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində "Ortaq gələcəyin qurulmasında türk mediası" mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dezinformasiya ilə mübarizədə türk dünyasının ortaq media platformasının yaradılması zəruridir:
"Türk dünyasının media məktəbləri və jurnalistika akademiyaları yaradıla bilər. Amma bunlarla yanaşı, ortaq faktların yoxlanılması mərkəzləri də yaradılmalıdır. Qardaş ölkələrin media nümayəndələrini öz Mətbuat Şuramıza üzv qəbul edə bilərik. Bununla da kənar təsirlərə qarşı öz mövqeyimizi birlikdə daha rahat nümayiş etdirə bilərik".
APA İnformasiya Agentliyinin Beynəlxalq əlaqələr və analitika departamentinin rəhbəri Faiq Mahmudov bildirib ki, Azərbaycanda istər ölkədaxili sabitliyin, istərsə də beynəlxalq münasibətlərin qorunması məqsədilə dezinformasiya halları aşkar edildikdə dərhal reaksiya verilir:
"Dezinformasiya halları aşkar edildikdə Azərbaycanın rəsmi dövlət qurumları, Medianın İnkişafı Agentliyi və media orqanları öz səlahiyyətləri çərçivəsində çevik və koordinasiyalı addımlar atır. Bu cür təhlükələrə qarşı ən effektiv yanaşma birgə və prinsipial mövqe sərgiləməkdir. Bir ölkəyə yönələn saxta xəbər digər ölkələrin də diqqət mərkəzində olmalı, vaxtında və koordinasiyalı şəkildə dəyərləndirilməlidir. Operativ məlumat mübadiləsi, institusional əməkdaşlıq və peşəkar media həmrəyliyi dezinformasiyanın təsir dairəsini əhəmiyyətli dərəcədə azalda bilər. Çünki dezinformasiya təsadüfi deyil, məqsədli şəkildə yaradılır və dövlətlərarası münasibətləri zədələməklə yanaşı, xalqlar arasında yanlış rəy formalaşdırmağa xidmət edir".
"Qazaxıstan" telekanalının direktoru Bolat Mürsəlim forumu türk dövlətlərini birgə evin altına toplayan məkana bənzətdiyini qeyd edib:
"Bu gün keçirilən forum mədəni kökləri eyni, dili bir, düşüncəsi bir olan ortaq türk ailəsinin gələcək işlərinə ümid bəxş edir. Biz bu yolda atacağımız addımlarda böyük perspektiv və dəyər görürük. Artıq anlayırıq ki, böyük işlər görə bilmək üçün birlik olmaq mütləqdir".
Yaxın Şərq Universitetinin prorektoru Murat Tüzünkan vurğulayıb ki, dezinformasiya ilə mübarizədə mütləq bacarıqlar artırılmalı, təkcə ana dilində deyil, beynəlxalq dillərdə də məzmunlar yaradılmalıdır:
"Dezinformasiya ilə mübarizədə ortaq yayım etmək, birlikdə xəbər agentlikləri yaratmaq və məzmun analizi edə bilərik. Media ortaq gələcəyin inşasına töhfə verir. Ortaq gələcək isə ortaq dəyərlərlə, həqiqətlərlə inkişaf edə bilər. Ortaq kimlik yaratmaq çox önəmlidir. Bunun isə qalıcı olması üçün müəyyən qaydalar olmalıdır. Ortaq məzmunlar müəyyən edilməlidir. Həmçinin ortaq bir dil də olmalıdır".
Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Direktorlar Şurasının üzvü Cavid Vəliyev deyib ki, Azərbaycanın dezinformasiya ilə mübarizədə gücünü ikinci Qarabağ müharibəsi zamanı hər kəs gördü:
"Dezinformasiya ilə mübarizə bir qorunma üsuludur. Lakin kənar təsirlərdən qorunarkən hansısa səhv addımlar atmamağa diqqət etməliyik. Azərbaycan torpaqlarını işğaldan azad edərək bacarığını göstərib. Həmin dövrdə yayılan dezinformasiyalar hədsiz idi. Lakin bunlarla mübarizədə daim diqqətli və ehtiyatlı olmağı da bacardıq".