​ANS şirkəti Milli Televiziya və Radio Şurasını eyni iddia ilə təkrar məhkəməyə verib

​ANS şirkəti Milli Televiziya və Radio Şurasını eyni iddia ilə təkrar məhkəməyə verib Şirkət “cinçıxarma” xəbərdarlığının ləğv olunmasını istəyir
Media
1 Noyabr , 2014 11:59
​ANS şirkəti Milli Televiziya və Radio Şurasını eyni iddia ilə təkrar məhkəməyə verib

Bakı. 1 noyabr. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan Milli Televiziya və Radio Şurasını (MTRŞ) eyni iddia ilə təkrar məhkəməyə verib. “Report”un məlumatına görə, Səbail rayon Məhkəməsinə müraciət edən şirkət MTRŞ-nin ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb edir.

Şirkət eyni iddia ilə MTRŞ-ni bir dəfə məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan iddia təmin edilib. Lakin qərardan razı qalmayan MTRŞ Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Bakı Apelyasiya Məhkəməsi isə ANS Müstəqil Yayım və Media Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə deyil, aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməli olduğunu bildirib.

Bundan sonra isə şirkət MTRŞ-nin inzibati binasının yerləşdiyi Səbail rayon Məhkəməsinə müraciət edib.

İddiaya noyabr ayında baxılacaq.

Qeyd edək ki, MTRŞ-nin 14 yanvar 2014-cü il tarixli iclasında ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-nin həmin gün yaydığı açıqlamada bildirlib ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Xatırladaq ki, 10 yanvar 2014-cü il tarixində saat 16.30-da ANS TV-də efirə gedən “Adam içində” verilişindəki “cinçıxarma hadisəsi” sonradan mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Son xəbərlər

Orphus sistemi