Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağa iddialı milyader Donald Tramp jurnalisti keçirdiyi mətbuat konfransından qovub.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Hadisə Ayova ştatının Dubyuk şəhərində milyarderin keçirdiyi mətbuat konfransında baş verib.
Tədbirdən çıxarılan isə ispan dilli "Univision" telekanalında teleşou proqramının aparıcısı Xorxe Ramosdur. O, bir müddət öncə Donald Trampla əməkdaşlığı dayandırıb.
Belə ki, mətbuat konfransında jurnalist prezidentliyə iddiaçıya ABŞ-dakı latın amerikalı qanunsuz mühacirlərin yeni doğulan körpələrinə vətəndaşlığın verilməsi haqda məsələyə münasibət bildirməsini istəyib. D.Tramp cavabında deyib: "Sizə söz verilməyib. "Univision"a qayıdın". Bundan bir az sonra o, mühafizə xidmətinin əməkdaşını çağıraraq, jurnalistin tədbir zalından çıxarılmasını əmr edib.
Cari il iyulun əvvəlində bu telekanal "Miss ABŞ" gözəllik yarışmasını yayımlamaqdan imtina etdiyi üçün D.Tramp müəssisəni məhkəməyə verərək, qarşı tərəfin 500 milyon dollar məbləğində kompensasiya ödəməsini istəyib. Həmin yarışmanın yayım hüququ isə ona və CNN telekanalına məxsus olub.
Bundan başqa, D.Tramp müxtəlif tədbirlərdə ölkəsindəki Meksika əsilli mühacirlərin ünvanına da aşağılayıcı fikirlər söyləyib.
Xatırladaq ki, 2016-cı ildə ABŞ-da prezident seçkisi keçiriləcək. Demokratlar Partiyasının bu posta ən şanslı namizədi Hillari Klinton sayılır. Bu partiyanın seçkiqabağı qurultayının gələn il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində, respublikaçıların müvafiq tədbirinin isə həmin il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçirilməsi planlaşdırılıb.