2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) London Fond Birjasında ("London Stock Exchange") 10 il müddətinə yerləşdirdiyi 1 milyard ABŞ dolları məbləğində avrobondların tədavül müddəti başa çatıb və əsas borc tam olaraq geri ödənilib.
Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, 4,75 %-lik kupon gəlirinə sahib olan avrobondların anderrayteri (emissiya prosesinin icraçısı) dünyanın ən böyük banklarından biri olan Almaniyanın “Deutsche Bank”ı olub.
SOCAR-ın ümumi korporativ maraqları çərçivəsində emissiya olunan avrobondlarının nominal qiyməti 1 000 ABŞ dolları təşkil edib və tədavül müddətində bazar qiyməti tələbdən asılı olaraq 1 071 ABŞ dollarına qədər yüksəlib. Kupon ödənişləri 6 aylıq qrafiklər əsasında həyata keçirilib, avrobond sahibləri 10 il ərzində toplam 475 milyon ABŞ dolları gəlir əldə edib.
“Petkim Petrokimya Holding” Anonim Şirkətinin 2018-ci ildə emissiya etdiyi 500 milyon ABŞ dolları məbləğindəki “Petkim 2023 avrobondları”nın da tədavül müddəti bitib və avrobond sahiblərinə əsas borc tam geri ödənilib. 5 illik müddətə buraxılan və İrlandiya Fond Birjasında ("Irish Stock Exchange") yerləşdirilən Petkim avrobondlarının illik kupon gəliri 5,875 % təşkil edib. Sözügedən avrobondların nominal qiyməti 1 000 ABŞ dolları təşkil edib və tədavül müddətində bazar qiyməti 1 031 ABŞ dollarına qədər yüksəlib. “Petkim 2023 avrobondları”nın kupon ödənişləri 6 aydan bir icra edilib, 5 il ərzində investorlara ümumilikdə 147 milyon ABŞ dolları gəlir qazandırıb.
1 milyard 500 milyon ABŞ dolları məbləğində avrobond öhdəliklərini müvəffəqiyyətlə icra edən SOCAR beynəlxalq kapital bazarlarında etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq bazarda 750 milyon ABŞ dolları məbləğində SOCAR 2030 və yerli bazarda 100 milyon ABŞ dolları dəyərində SOCAR İstiqrazları hazırda uğurla tədavül edilir. Əldə edilən nailiyyətlərin davamı olaraq, SOCAR gələcəkdə də daxili və xarici kapital bazarlarının etibarlı və aktiv tərəfdaşı olmağı hədəfləyir.