Dövlət Xidməti "Bug Bounty" proqramına start verir

Maliyyə
  • 13 oktyabr, 2026
  • 12:39
Dövlət Xidməti Bug Bounty proqramına start verir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və yerli "BugBounty" platforması - "QaraBug" kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi və milli kibertəhlükəsizlik ekosisteminin inkişafı məqsədilə dövlət qurumlarının "bug bounty" mükafatlandırma proqramına start verir.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüs həmin dövlət qurumlarının informasiya ehtiyatları və sistemləri üzrə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, özəl-dövlət əməkdaşlığında etibarlılığın artırılmasına və dövlət qurumlarına məxsus informasiya ehtiyatlarında mövcud olan boşluqların aşkarlanmasına yönəlmişdir. Layihə kiberboşluqların tapılması və mükafatlandırılması ("bug bounty") mədəniyyətinin ölkəmizdə daha geniş formalarda tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Proqram 20 oktyabr-15 noyabrda həyata keçiriləcək. Bu müddətdə informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər dövlət qurumlarına aid informasiya ehtiyatları və sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər.

"Bug bounty" proqramının əsas məqsədləri:

Dövlət sektoruna məxsus informasiya sistemlərində və ehtiyatlarında texniki zəifliklərin aşkarlanması;

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli mütəxəssislərin və tədqiqatçıların stimullaşdırılması;

Kiberdayanıqlığın gücləndirilməsi istiqamətində açıq əməkdaşlıq mühitinin formalaşdırılması;

Etik hakerlik mədəniyyətinin inkişaf etdirilməsi.

Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcəkdir. Proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaqdır.

Proqrama qatılmaq istəyən iştirakçılar www.qarabug.az saytına daxil olaraq ətraflı məlumatlar əldə etməklə yanaşı qeydiyyatdan keçməlidirlər.

44 - Tezliklə