Azərbaycanın aparıcı nəşriyyatının xalis mənfəəti 3 dəfədən çox azalıb

Maliyyə
  • 13 iyun, 2022
  • 07:29
Azərbaycanın aparıcı nəşriyyatının xalis mənfəəti 3 dəfədən çox azalıb

“Şərq-Qərb” ASC 2021-ci ili 1,153 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,2 dəfə azdır.

Ötən il “Şərq-Qərb”in vergiyəqədərki mənfəəti 1,441 milyon manat (illik müqayisədə 3,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 288 min manat (3,2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Şərq-Qərb”in aktivləri 9,014 milyon manat olub ki, bu da, illik müqayisədə 10,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 44 % azalaraq 2,857 milyon manata, balans kapitalı isə 23 % artaraq 6,157 milyon manata çatıb.

Xatırladaq ki, “Şərq-Qərb” ASC 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilib və o, “Şərq-Qərb” ASC-yə çevrilib.

Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq, “Şərq-Qərb” ASC tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası nəfis tərtibatla çap edilmişdir. Bundan başqa, incəsənət xadimlərinin həyat və yaradıcılığına aid 36 cilddən ibarət olan “Sərvət” layihəsi, 75 cilddə “Azərbaycan Memarlığı”, həmçinin 25 cilddə “Üzeyir Hacıbəyli dünyası”, “Azərbaycan muğamı ensiklopediyası" (Энциклопедия Азербайджанского мугама), “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri çap edilib.