ABŞ-nin Milli Hokkey Liqası (NHL) Milad bayramında məşq keçən "Dallas" klubunu 100 min dollar cərimələyib.
"Report" xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb.
Dekabrın 28-də baş tutan "Minnesota" ilə matçdan (2:3, əlavə vaxtda) əvvəl "Dallas"ın baş məşqçisi Piter Debur komandaya əlavə məşq keçdiyini qeyd edib. NHL-in Kollektiv Sövdələşmə Sazişinə (CBA) əsasən Milad bayramı dövründə məşqlərin və oyunların keçirilməsi, həmçinin uçuşların, səfərlərin təşkili qadağandır. Liqada dekabrın 25-27-si aralığında matçlar oynanılmır.
2022-ci ildə "Toronto" komandası bayram vaxtı uçuş həyata keçirdiyi üçün 100 min dollar cərimələnmişdi. Həmçinin 2015-ci ildə "Filadelfiya" "Neşvill"lə matçdan əvvəl təyyarə ilə səfərə yollandığı üçün eyni məbləğdə cəriməyə məruz qalmışdı.
Qeyd edək ki, "Dallas" klubu 35 oyundan sonra 43 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.