Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) yükdaşıma tələbinin artmaqda davam edəcəyi proqnozlaşdırır.
“Report” xəbər verir ki, bunu qurumun və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, bu artımın əsas qüvvəsi beynəlxalq yük daşımaları olacaq: "Bunun öz növbəsində nəqliyyat emissiyalarının davamlı artımına təkan verəcəyi gözlənilir. Biz beynəlxalq ticarətin artırılmasını nəqliyyat emissiyalarının artımından ayırmalıyıq. Dəmir yolu aşağı karbonlu və yüksək səmərəli nəqliyyat növü kimi 21-ci əsrin qlobal çağırışlarına cavab verə bilər. Amma bu gün dəmir yolu ilə daşımaların payı azalır. 2008-2022-ci illər arasında qlobal miqyasda dəmir yolundan avtomobil yoluna doğru qlobal keçid 7 % olub və dövlət xərcləri 31 % azalıb. Orta dəhlizin daha da optimallaşdırılmasında rəhbərlik və bacarıqların artırılması vacibdir".