AZAL-ın qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası 500 nüsxə çap olunub
- 23 dekabr, 2025
- 11:41
"Azərbaycan Hava Yolları" QSC Bakıdan Qroznıya usan J2-8243 reysinin anımına həsr olunmuş poçt markası ilkin mərhələdə 500 nüsxə çap olunub.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının qiymətini "Azərpoçt" satış zamanı müəyyən edəcək: "Hər şeyin qiyməti mövcud vəziyyətdən və tələbatdan asılıdır. Bu poçt markası ilə simvolik olaraq 500-ə yaxın nüsxə çap olunub. Amma tələbat artdıqca yəqin ki, tirajı da artacaq".
İ.Əmirov qeyd edib ki, AZAL və "Azərpoçt"un birgə təşəbbüsü ilə hazırlanan poçt markasının üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub: "Bu poçt markası bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək. Poçt markalarının satışından əldə olunan vəsait şəhid ailələrinin övladlarına, xüsusilə onların təhsilinə yönəldiləcək, eyni zamanda sosial yardım məqsədilə istifadə olunacaq".