​Moskvada keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub

​Moskvada keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən müsabiqədə 50-dən çox tələbə qız iştirak edib
İncəsənət
31 Mart , 2015 01:30
​Moskvada keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub

Bakı. 31 mart. REPORT.AZ/ Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub.

"Report" "VAKİnfo"ya istinadən xəbər verir ki, təşkilatın "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində şəkilləri yerləşdirilən qızlar arasında ən çox bəyənilən beş iştirakçı – İraida Novruzova, Nərmin Qurbanova, Leyla Tağızadə, Fatimə Talıbova və Kəmalə Mövsümzadə finala çıxıblar.

Finala çıxan qızlar Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, “Rossiya” Dövlət Konsert Salonunun baş rejissoru Qalina Belova, Rusiyanın məhşur estrada müğənnisi Katya Lel, tanınmış dizayner Orxan Sultanın daxil olduqları mötəbər münsiflər heyətinə peşələri, hobbiləri barədə məlumat veriblər, onların suallarını cavablandırıblar, musiqi müsabiqəsində iştirak ediblər.

Müsabiqənin aparıcısı Azərbaycanın Əməkdar artisti Sərxan Sərxan olub.

Tədbiri giriş sözü ilə açan RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsinə, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərinin reallaşdırılmasına xidmət edir:

"Belə təşəbbüslərdən biri də “Miss AMOR” müsabiqəsidir. Müsabiqə gənclər arasında böyük maraq doğurub. Yarışmada 50-dən çox qız iştirak edib və səsvermənin nəticələri əsasında beş iştirakçı seçilib".

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova gecənin iştirakçılarının səfir Polad Bülbüloğlunun adından salamlayaraq qeyd edib ki, müsabiqədə iştirak edən qızların hər biri özünəməxsus gözəlliyə malikdir: "Başlıcası isə mənəvi gözəllikdir. Bunun üçün daim üzərinizdə işləməlisiniz. Yalnız mənən gözəl insanlar başqalarından seçilə bilir”.

Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev gənclərə uğurlar arzulayaraq bildirib ki, RAGB fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə daha bir töhfə olur.

Münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qalibi Moskva Psixoloji Pedaqoji Universitetinin Sosial Pedaqoji Kollecinin tələbəsi, 20 yaşlı Fatimə Talıbova seçilib.

Münsiflər heyəti adından çıxış edən müğənni Katya Lel Azərbaycana vurğun olduğunu, ölkəmizi çox sevdiyini söyləyib. O, Leyla Əliyevanın sədrlik etdiyi gənclər təşkilatının çox dəyərli işlər gördüyünü söyləyib. Müsabiqənin qalibi barədə danışan Katya Lel bildirib ki, Fatimə Azərbaycan qızlarına məxsus xeyirxahlığı ilə ürəklərə yol tapıb:

“İnsanların daha çox maddi dəyərlərə üstünlük verdikləri müasir dövrdə xeyirxahlıq, yardım əli uzatmaq, xüsusilə də uşaqlara qayğı göstərmək olduqca vacibdir”.

Moskva hökuməti mədəniyyət departamenti rəhbərinin müavini Vladimir Filipovun isə çıxışında Moskvada çoxlu sayda gənclər təşkilatlarının fəaliyyət göstərdiyini deyib:

"Leyla Əliyevayanın rəhbərlik etdiyi RAGB onların arasında fəallığı ilə seçilir və Azərbaycanın Rusiyada nüfuzunun artması üçün çox işlər görür".

Tədbirin sonunda “Miss AMOR” müsabiqəsinin qalibinə və digər finalçılara təşkilatçılar adından diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunub. Gecə maraqlı musiqi proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi