Saməddin Əsədov: "Azərbaycanın 4-cü peykinin orbita buraxılması üzrə hazırlıq işləri sürətləndiriləcək"

Saməddin Əsədov: "Azərbaycanın 4-cü peykinin orbita buraxılması üzrə hazırlıq işləri sürətləndiriləcək" Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılmasından 10 il ötür. "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5"
İKT
9 Fevral , 2023 15:14
Saməddin Əsədov: Azərbaycanın 4-cü peykinin orbita buraxılması üzrə hazırlıq işləri sürətləndiriləcək
Saməddin Əsədov

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılmasından 10 il ötür. "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb.

Bu il həm də Azərbaycan üçün 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə önəm kəsb edir. 50 ildən sonra bu mötəbər tədbirin yenidən Azərbaycanda keçirilməsi onun əhəmiyyətini daha da artırır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov "Report"a müsahibəsində bu və bu kimi məsələlərə aydınlıq gətirib, rəhbərlik etdiyi qurumun planları ilə bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Saməddin müəllim, bu il Azərbaycanın ilk rabitə peyki olan “Azerspace-1”in orbitə buraxılmasından 10 il ötür. İlk olaraq peykin 10 illik fəaliyyətini qiymətləndirərdiniz?

- Biz bu il ilk peykimizin – "Azerspace-1"in 10 yaşını qeyd edirik. 10 il əvvələ baxdıqda "Azerspace-1" peyki orbitə buraxılanda ölkəmizdə kosmik sənayenin yaradılması və peyklərin idarəolunması ənənəsinin əsası qoyuldu. İnformasiya mübadiləsində, xüsusilə yayım sahəsində xarici ölkələrdən asılı idik. "Azerspace-1" peyki orbitə buraxılmaqla xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırıldı və peykimiz ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi.

"Azerpace-1" peyki ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahələrinin, xüsusilə kosmik sənayenin davamlı inkişafına təkan verib.

"Azerspace-1" kimi ölkə əhəmiyyətli layihənin həyata keçirilməsi ilə həmin vaxtda gənclərimizə müsbət mənada özlərini tapmaq fürsəti oldu. Bu gün artıq 10 il və daha artıq müddətdir ki, Azərbaycan kosmik sahəsində həmin mütəxəssislərin töhfələri sayəsində kosmik ölkəyə çevrilib. Ölkəmizdə hər zaman iqtisadiyyat, neft-qaz, tibb sahələri üzrə peşəkar kadrlar anlayışı olub. Ancaq "Azerspace-1" peykinin orbitə buraxılması ilə kosmos sahəsi üzrə peyk mühəndisi, peyk əməlliyyatları üzrə operator, hüquqşünas, iqtisadçı, peyk tutumlarının satılması üzrə mütəxəssis kimi peşələr ərsəyə gəldi. Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi-intellektual potensialın artırılması və tam ixtisaslı kadr hazırlığı təmin edildi. Bu məqsədlə yerli ali təhsil müəssisələrində kosmik sahədə peşə istiqamətləri - texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradıldı.

2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olundu. Telekommunikasiya sahəsinin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, "Azerspace-1" peyki ilə başlayan yolumuz ölkənin uzunmüddətli inkişaf strategiyasında yer tutan əhəmiyyətli bir sahəyə çevrildi.

"Azerspace-1" peykinin orbitə buraxılması ilə beynəlxalq kosmik arenada Azərbaycan artıq peyki olan ölkə kimi tanındı və qlobal inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər daha da gücləndirildi.

- Bu illər ərzində “Azerspace-1” peykinə qoyulan investisiyaların hansı hissəsi geri qayıdıb və bu nə qədər gözləntilərə uyğundur?

- Bu 10 il ərzində "Azerspace-1" peykinin etibarlı tərəfdaşlarla işbirliyi bazarda möhkəm mövqe tutmağımıza imkan yaradıb. Afrika regionunda “Azerspace-1” peyki üzrə uzunmüddətli gəlir gətirən layihələr həyata keçiririk. Afrikanın bır sıra regionlarında Azərbaycanı artıq peyk ölkəsi kimi tanıyırlar.

"Azerspace-1" peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən, yəni 2013-cü ilin aprel ayından bugünədək peykin xidmətlərindən "Azərkosmos"un əldə etdiyi gəlir 257 milyon manat təşkil edir. "Azerspace-1"in gəlirliliyi və ildən-ilə olan artım tempi peykin resurslarının istifadəsi üzrə düzgün biznes və satış strategiyasına əsaslanır.

- "Azərkosmos" indiyə kimi nə qədər gəlir əldə edib?

- Hazırda ölkəmiz "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya, "Azersky" müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Ümumiyyətlə, bu 10 il ərzində qlobal bazarda peyk xidmətlərinin dəyəri iqtisadi və geosiyasi fəaliyyətlə bağlı olaraq həm artmış, həm də müəyyən azalmalar olub. Bu dəyişikliklər fonunda "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır. "Azərkosmos" kommersiya fəaliyyətinə başladığı bu 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərimizin xidmətlərindən 500 milyon manat gəlir əldə etmişik.

Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib.

- Azərbaycan sayca 4-cü peyki olan “Azersky-2”ni orbitə nə zaman buraxmaq istəyir? Bu layihənin həyata keçirilməsi üçün maliyyələşmə necə təşkil olunacaq?

- Ölkəmizin növbəti məsafədən müşahidə peykinin buraxılması üzrə hazırlıq işlərini sürətləndirəcəyik. Bu işdə texniki mütəxəssislərimizin artıq formalaşmış bilik və bacarığından istifadə edəcəyik.

- İşğaldan azad edilmiş torpaqlarda monitorinq və tədqiqatların aparılmasında Kosmik Agentliyin rolu danılmazdır. Hazırda “Azərkosmos"un Qarabağla bağlı təqdim etdiyi görüntülərdən hansı məqsədlər üçün istifadə edilir?

- Təhlükəszilik və müdafiə sahəsində geniş istifadə olunan "Azersky" – məsafədən müşahidə peykimizin imkanları həm müharibədən öncə, həm də 44 günlük Vətən müharibəsi dövründə, o cümlədən post-müharibə dövründə ölkəmizə böyük üstünlüklər qazandırdı. Post müharibə dövründə, "Azersky" peykimizin imkanları xüsusilə azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına inteqrasiyasına, həmin torpaqların iqtisadi potensialının müəyyənləşdirilməsi işlərində "Azersky" peykinin imkanlarından istifadə olunur. Su ehtiyatlarının monitorinqi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin qiymətləndirilməsi, kənd təsərrüfatı ərazilərinin monitorinqi, əkin növləri potensial əkin sahələrinin müəyyən olunmasında "Azersky" peykinin təsvirlərdən davamlı olaraq istifadə olunur.

- Təxminən 60 gündür ki, azərbaycanlı fəallar Xankəndi-Laçın yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Bu baxımdan “Azərkosmos”un Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqları ilə bağlı peyk müşahidələri varmı?

- "Azersky" peyki dünyanın istənilən nöqtəsinin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın yüksək ayırdetməli təsvirlərini gündəlik olaraq çəkmək imkanı var. Heç şübhəsiz orada baş verən istənilən qeyri-qanuni fəaliyyəti peykimizin təsvirləri vasitəsilə monitorinq edirik və monitorinqin nəticələrini aidiyyəti dövlət qurumları ilə bölüşürük. "Azersky" təsvirləri bir növ bu xüsusda əsaslı məlumat mənbəyi və fakt kimi istifadə olunur.

Bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, 2019-cu ildə "Azersky" vasitəsilə çəkilən təsvirlər əsasında vaxtilə Ermənistanın işğalı altında olan ərazilərimizdə iqtisadiyyatımıza, tarixi abidələrimizə və ekologiyamıza, dəyən ziyan barədə “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillər, sübutlar” adlı hesabat dərc edilib. Bu hesabat dünya ictimaiyyətinə haqq səsimizin çatdırılması üçün olduqca vacib bir missiya idi. Sözügedən hesabat Birləşmiş Millətlər Təşkilatına təqdim olunması üçün sənədləşdirildi və beynəlxaq təşkilatlara təqdim edilib.

- Bu il Azərbaycan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Hazırlıq işləri necə gedir?

- Hazırda Kosmik Agentlik olaraq aktiv surətdə bu ilin 2-6 oktyabr tarixlərdində ölkəmizdə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlaşırıq. Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün 2022-ci ildə yerli qurumlardan ibarət Təşkilat Komitəsi yaradılıb.

Konqres ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcək, cəmiyyətdə kosmik sahəyə dair məlumatlılığın artırılması istiqamətində vacib addım olacaq, Azərbaycanın beynəlxalq kosmik arenada mövqeyini gücləndirəcək. Xüsusilə, gənclərin bu işdə rolu böyükdür. Qeyd edim ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” adı altında keçiriləcək Beynəlxalq Astronavtika Konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcək.

"Azərkosmos" elmlə məşğul olan insanları Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elm müsabiqəsində aktiv iştirak etməyə səsləyir.

Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini bu il Bakıda kosmik sahənin ən böyük tədbiri – Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verir. Elm müsabiqəsində hər kəs iştirak edə bilər. Bunun üçün 28 fevral tarixinə kimi kosmos sahəsinə dair elmi işlərin xülasələrini https://www.iac2023.org/ saytında qeydiyyatdan keçərək yükləmək mümkündür.

- Beynəlxalq Astronavtika Konqresində İlon Mask və Ceff Bezosun iştirakı gözlənilirdi. Onların və sahənin digər tanınmış şəxslərinin ölkəyə gəlməsi sahəsində hansı işlər görülür?

- Ümumiyyətlə, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir. Təbii ki, Beynəlxalq Astronavtika Konqresində bu kimi tədbirlərdə kosmos sahəsində populyar simaların iştirakı istisna deyil.

Son xəbərlər

Orphus sistemi