Naxçıvanda "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı" keçirilib - YENİLƏNİB

İKT
  • 23 dekabr, 2025
  • 13:43
Naxçıvanda Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı keçirilib - YENİLƏNİB

Naxçıvan şəhərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı" keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, toplantı dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi, aktual risklərin və strateji yanaşmaların müzakirə edilməsi məqsədilə təşkil olunub.

Zirvə Toplantısında mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və informasiya təhlükəsizliyi üzrə məsul rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov informasiya təhlükəsizliyinin dövlət idarəçiliyində artan rolunu vurğulayaraq qeyd edib ki, rəqəmsal mühitdə dövlət informasiya ehtiyatlarının qorunması milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. O, bu sahədə sistemli yanaşmanın və institusional əməkdaşlığın əhəmiyyətini iştirakçılarının diqqətinə çatdırıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev çıxışında bildirib ki, kibertəhdidlərin dinamik inkişafı informasiya təhlükəsizliyinə yanaşmada yeni metod və mexanizmlərin tətbiqini zəruri edir. Xidmət rəisi qeyd edib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas hədəf qabaqlayıcı müdafiə prinsiplərinə əsaslanan, dayanıqlı və koordinasiyalı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. İ.Musayev bu sahədə vahid siyasətin, peşəkar kadr potensialının və müasir texnoloji həllərin əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış edərək muxtar respublikada rəqəmsal transformasiya prosesləri ilə paralel olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasının davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.

Tədbirin davamında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov "Dövlət qurumlarında informasiya təhlükəsizliyinin mövcud vəziyyəti ilə bağlı statistik göstəricilər, Naxçıvan MR-da görülmüş işlər, yeniliklər və planlar" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dövlət informasiya resurslarının qorunması sahəsində cari vəziyyət, aşkar olunan əsas risklər, onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də muxtar respublikada informasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi üzrə atılmış addımlar diqqətə çatdırılıb. Eyni zamanda, qarşıdakı dövr üçün prioritet istiqamətlər təqdim olunub.

Daha sonra informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışlar, yeni texnoloji tendensiyalar və dövlət qurumlarının qarşılaşdığı problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan şəhərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən "Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı" başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, toplantıda rəsmi çıxışlar olacaq, xüsusi rabitə, dövlət şəbəkəsinə qoşulmalar, proqram təminatlarının lisenziyalaşdırılması, antiviruslar, kiberinsident nümunəsində ölkənin hədəfləri, effektiv mübarizə üçün tədbirlər, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər, onlayn sorğu və digər məsələlərlə bağlı açıq müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir informasiya təhlükəsizliyi üzrə dövlət qurumlarının rəhbər heyəti arasında sahə üzrə problemləri müzakirə etməklə yanaşı, yeni imkanları və ideyaları bölüşmək məqsədi daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti