Elnur Əliyev: "Bakı Avropa səviyyəli yeni təhsil layihəsi üçün məkana çevrilir"

İKT
  • 28 aprel, 2026
  • 11:07
Elnur Əliyev: Bakı Avropa səviyyəli yeni təhsil layihəsi üçün məkana çevrilir

Bugünkü Azərbaycan insan kapitalına, innovasiyalara və beynəlxalq əməkdaşlığa üstünlük verən sabit, dinamik şəkildə inkişaf edən iddialı ölkədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində bəyan edib.

"Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması vacib addımdır. O, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan IE Universiteti ilə əlaqələndirir və İspaniya ilə əməkdaşlığımıza yeni təkan verir. Bizim üçün bu layihə daha dərin məna kəsb edir. Söhbət insanlardan, istedadlardan, qlobal miqyasda düşünməyə, yaradıcı fəaliyyət göstərməyə və gələcəyin iqtisadiyyatını qurmağa qadir yeni nəsil liderlərin yetişdirilməsindən gedir. Bugünkü Azərbaycan sabit, dinamik və iddialı bir ölkədir. Biz infrastruktur, nəqliyyat bağlantısı, sənaye zonaları, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlığa investisiya yatırırıq", - E.Əliyev bəyan edib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə strateji üstünlük qazandırır, iqtisadi siyasət isə istiqaməti müəyyən edir, lakin uzunmüddətli uğurun əsl hərəkətverici qüvvəsi insan kapitalıdır.

"Yollar, limanlar, sənaye parkları və texnologiyalar vacibdir, amma səriştəli insanlar olmadan onlar sadəcə infrastruktur olaraq qalır. Güclü insan kapitalı ilə isə onlar inkişafın mühərriklərinə çevrilir. Məhz buna görə bu mərkəz sadəcə təhsil təşəbbüsü deyil, həm də Azərbaycanın gələcəyinə yatırılan strateji investisiyadır. Bu, həmçinin hökumətin, biznesin və beynəlxalq tərəfdaşların birlikdə necə işləyə biləcəyinin bariz nümunəsidir. Bu təşəbbüs eyni zamanda Azərbaycan-İspaniya münasibətlərində yeni mərhələ yaradır. Ölkələrimiz artıq ticarət, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və innovasiya sahələrində əməkdaşlıq edir", - nazir müavini əlavə edib.

E.Əliyev qeyd edib ki, strateji iqtisadi dialoq və qəbul edilmiş "yol xəritəsi" daha dərin əməkdaşlığımız üçün praktik zəmin yaradır.

"Bu kontekstdə gələcəkdə Azərbaycan-İspaniya Universitetinin yaradılması ikitərəfli gündəliyimizdə mühüm mərhələ olacaq. Universitetin yaradılması Prezident İlham Əliyev və Baş nazir Pedro Sançes səviyyəsində razılaşdırılıb. Bu, təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahəsində əməkdaşlığımızı institusionallaşdırmağa imkan verəcək, cəmiyyətlərimiz arasında möhkəm körpü yaradacaq. İnanıram ki, təhsil və insan kapitalı xalqlarımız arasında ən perspektivli birləşdirici həlqələrdən biri ola bilər və bugünkü hadisə bu istiqamətdə atılan konkret addımdır. Məqsədimiz biliklərə əsaslanan şaxələndirilmiş, innovativ iqtisadiyyat qurmaqdır. IE Mərkəzi Azərbaycana dünya təcrübəsi, müasir düşüncə tərzi və praktik liderlik bacarıqları gətirərək bu məqsədi dəstəkləyəcək", - nazir müavini əlavə edib.