Ukrayna TŞ-nın katibi: "Düşmənə onların heç gözləmədiyi yerdən zərbə vururuq" - MÜSAHİBƏ

Ukrayna TŞ-nın katibi: "Düşmənə onların heç gözləmədiyi yerdən zərbə vururuq" - MÜSAHİBƏ Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilovun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.
Hərbi
12 May , 2023 14:11
Ukrayna TŞ-nın katibi: Düşmənə onların heç gözləmədiyi yerdən zərbə vururuq - MÜSAHİBƏ
Oleksiy Danilov

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov “Report”un Şərqi Avropa bürosuna müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

- Demək olar ki, 7 aydan çoxdur cəbhədə ciddi dəyişiklik yoxdur. Rusiya, məsələn, bir Baxmut şəhərini 6 aydır zəbt edə bilmir, Ukrayna ordusu isə əks-hücuma geniş fasilə verib. Bunu necə izah edərdiniz?

- Müharibə mürəkkəb və çətin işdir. Hərbçilər necə düzgün hesab etsələr, özlərini elə də aparırlar, deməli, onların buna haqqı var. Biz onlara necə döyüşəcəklərini deyə bilmərik. Onlara prezidentin verdiyi tapşırıqlar var. O da kifayət qədər sadə və aydındır – bütün ərazilərimizin, o cümlədən Krımın işğalçı terrorçu - təcavüzkarlardan azad edilməsidir. Bunu da xalqımızla birlikdə yerinə yetirəcəklər. Yeganə qalan vaxt məsələsidir. Gözləyək, səbirli olaq və qələbə bizim olacaq.

- Bu günlərdə Prezidentə böyük əks-hücum planının təqdim edilməsi barədə bəyanatınızı oxuduq. Hətta partnyorlarınızın belə bu planın məzmunundan xəbəri yoxdur dediniz. Ola bilərmi ki, plan həyata keçiriləndə və bəzi məqamlar tərəfdaşlarınıza məlum olanda onlar narazı qalsınlar və bu, hərbi yardımın azalmasına səbəb olsun?

- Demək istəyirəm ki, biz müstəqilliyimizi müdafiə edirik və ərazilərimizin işğaldan azad edilməsi üçün öz məsuliyyətimizi dərk edirik. Partnyorlara gəlincə, biz onlarla əməkdaşlıq edirik, onlar bizə çox güclü kömək edirlər. Biz isə konkret planlardan danışanda nəzərdə tuturuq ki, bu planlar qapalı, məxfidir və kimsə inansa ki, “Tamamilə məxfi” möhürü olan belə planlar kiməsə açıqlanacaq, bu, olan şey deyil və dünyanın istənilən ölkəsində belə bir şey yoxdur. Ümumi suallar – bəli, olar, xüsusi planlar – xeyr, onlar məxfi qalmalıdır. Bu, aramızda etimadın və əməkdaşlığın olmadığını göstərmir. Bu bir az başqa şeylərə aiddir. Demək istəyirəm ki, bizim hərbçilərin hərəkətləri üçün nə bir, nə iki, nə də üç variant var – bir neçəsi var. Və onlardan hansının müəyyən bir əməliyyat üçün istifadə ediləcəyi bir çox amillərdən asılıdır. Əgər kimsə deyirsə ki, əməliyyatın yeri barədə məlumatım var, deməli yalan danışır, çünki bu, yalnız Ali Baş Komandan tərəfindən təsdiqləndikdən sonra bilinəcək.

- Əgər konkretləşdirsək, yaya qədər əks-hücum gözlənilirmi?

- Mən “əks hücum” ifadəsini işlətmirəm. Əvəzində, 2014-cü ilin fevralından bəri davam edən “hərbi əməliyyatlar” ifadəsini işlədirəm. Hərbçilər nə etməli olduqlarını dəqiq bilirlər. Onlar mütəxəssislərdir və bütün dünyaya sübut ediblər ki, bizim ordumuz döyüşə hazırdır. Üstəlik, tam kreativdir və biz düşmənə onların heç gözləmədiyi yerdən zərbə vururuq. Düşünürəm ki, bu dəfə də belə olacaq.

-Yəni ən yaxın zamanda gözlənilir?

- “Ən yaxın zaman” anlayışı hər kəs üçün fərqlidir. Kiməsə bir və ya iki gün, kimsə üçün bir həftə və ya bir ay deməkdir. Əsas olan nəticədir. Biz öz ərazilərimizi azad etməliyik. Bütün amilləri nəzərə almaqla, tədbirlər zəruri anda başlayacaq. Erkən və ya gec deyil, tam vaxtında başlamalıyıq.

- Tez-tez eşidirik ki, Ukrayna ordusu qışdan çox yaz və yayda hərbi əməliyyatlara üstünlük verir...

- Qışa qədər biz müharibəni tamamilə bitirmək istəyirik...

- Bu, Ukraynanın ərazi bütövlüyünü tam, o cümlədən Krımı da azad edərək bərpa etməklə yekunlaşacaqmı?

- Bizim ümumi planımız var – bütün ərazilərimizi bizə basqın edən terrorçulardan azad edək. Yeganə qalan vaxt məsələsidir. Bunun bir və ya bir neçə əməliyyat olacağı bir çox hallardan asılıdır. Vaxtla məhdudlaşmayacağıq. Nə qədər lazımdırsa, mübarizə aparacağıq.

- Bir neçə gün əvvəl pilotsuz təyyarələr Kremlə hücum etdi və Rusiya buna görə Ukraynanı günahlandırdı. Mayın 9-da keçirilən paradda Putin Rusiyaya qarşı böyük müharibənin elan edildiyini və bunun cavabsız qalmayacağını bildirib. Bu ittihamları necə şərh edərdiniz? Bu, Ukraynaya qarşı daha sərt hücumlar üçün, o cümlədən, nüvə silahının istifadəsinə əsas ola bilərmi? Həmçinin, İran pilotsuz uçuş aparatlarının aktiv istifadəsini necə şərh edərdiniz?

- Putinin açıqlamalarına toxunsaq, burada təəccüblü heç nə yoxdur. Hər kəsə xatırlatmaq istəyirəm ki, o, seçkilərdə qalib gəlmək lazım olanda Koşirski şossesində partlayışlar törədib, öz vətəndaşlarını qətlə yetirib və onların qanından özünə reytinq verib, prezident olub. Bunlar tam təxribatdır və onlar bunu peşəkarcasına edirlər. Qeyd etmək istəyirəm ki, heç kim Rusiyaya müharibə elan etməyib, onlar 2014-cü ildə bizə qarşı müharibəyə başlayıblar. Biz heç kimə hücum etməmişik, əksinə 1991-ci ildə beynəlxalq sənədlərdə təsbit edilmiş torpaqlarımız, ərazilərimiz hücuma məruz qalıb. Əgər Putin öz ölkəsinin gələcəkdə parçalanmasına görə məsuliyyəti kiminsə üzərinə atmaq istəyirsə, bu, onun problemidir və bizə aidiyyəti yoxdur.

Onlar hər şeyi icad edə bilərlər. Əgər onlar nüvə silahından istifadə etsələr, bütün dünyanın buna cavabı tamam fərqli olacaq. Rusiyanın İranla pilotsuz təyyarələrlə bağlı əməkdaşlığına gəlincə, bu, dünya ictimaiyyətinin işidir. İran 1979-cu ildən sanksiyalar altındadır və əgər sanksiyalar altında olaraq o, dünyanın aparıcı istehsalçılarının komponentlərindən istifadə edərək pilotsuz təyyarələr istehsal edə bilirsə, suallar kimə verilməlidir və kim cavab verməlidir? Biz çox istərdik ki, ikili standartlar olmasın və beynəlxalq qaydalara istisnasız bütün dövlətlər əməl etsin.

-Ümumiyyətlə, Belarus ərazisindən hücum gözləyirsinizmi? Son vaxtlar Prezident Lukaşenkonun əvvəl elan etdiyindən fərqli açıqlamalarını eşidirik.

- Lukaşenko Kremlin girovudur və çox çətin vəziyyətdədir. Rusiyanın Lukaşenkodan Ukraynaya hücuma keçməsini tələb edəcəyini görmürük. Lukaşenko və onun hərbçiləri bunun nəticəsinin necə olacağını çox yaxşı bilirlər. Çünki Belarusda daxili müqavimət mütləq olacaq. Və sizə xatırlatmaq istəyirəm ki, Ukrayna ərazisində ölkəmiz uğrunda vuruşan kifayət qədər belarus vətənpərvərləri var. Qeyd etmək istəyirəm ki, belaruslar ruslar kimi deyil. Əgər düşünürlərsə ki, Lukaşenko əmr verəcək və onu yerinə yetirəcəklər, bu, səhv təsəvvürdür.

- Bəs Belarusda nüvə başlıqlarına malik pilotsuz təyyarələrlə təlimlərin üç ay davam etməsi necə?

- Hazırda biz Belarus ərazisindən hücum təhlükəsi görmürük. Sabah nə olacağını görəcəyik.

Son xəbərlər

Orphus sistemi