Anar Eyvazov: Müdafiə Nazirliyinin Media və ictimaiyyətlə əlaqələr strategiyası təkmilləşdirilir
- 19 dekabr, 2025
- 17:13
Müdafiə Nazirliyində hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan əməkdaşlarla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə media nümayəndələri, nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, eləcə də digər hərbi qulluqçular iştirak ediblər.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov qurumun media ilə əlaqələr sahəsində gördüyü işlər barədə məlumat verib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi digər dövlət qurumları ilə "2024-2026-illər üzrə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası"nı hazırlayıb.
"Bu strategiyanın daha da təkmilləşdirilməsi üçün işlər görülür. Cari il ərzində nazirliyin saytında 700-ə yaxın paylaşım edilib. Tədbirlərdə 3 200-dən çox foto və video paylaşılıb. İctimaiyyəti dəqiq-dolğun məlumatla təmin etmək üçün müvafiq hərbi hissələrə, azad olunan ərazilərə 6 mediatur təşkil olunub. Nazirliyin Media və İctimaiyyətlə Əlaqələr İdarəsinin elektron poçtuna 33 mindən çox müraciət daxil olub. Vətən müharibəsi, eləcə də sonrakı dövrlərdə media nümayəndələri ilə səmərəli əməkdaşlıq etmişik. Bu əlaqələri ildən-ilə daha da inkişaf etdirmək üçün tədbirlər görürük. İl ərzində hərbi hissələrdə bir neçə filmlərin çəkilməsi üçün kifayət qədər böyük işlər görülüb. Bəzən arada nöqsanlar və çatışmazlıqlar da olur. Biz onu yerində həll etməyə çalışırıq".
Daha sonra Müdafiə Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti Vaqif Qədirov görülən işlər barədə məlumat verib:
"2025-ci il ərzində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Vətəndaşların müraciətləri ilə iş bölməsinə 72 min 703 nəfər vətəndaşın müraciəti daxil olub. Bu müraciətlərdən 2 701 nəfəri Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində fərdi şəkildə qəbul edilib. Onlardan 35 min 124 nəfəri "qaynar xətt" vasitəsilə, 33 min 683 nəfəri Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına, 1 195 nəfəri isə idarəyə yazılı şəkildə müraciət edib".
Eyni zamanda, tədbirdə hərbi sirr təşkil edən informasiyalar və onların yayılmasının qarşısının alınması ilə bağlı tələblər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Sonra Milli Müdafiə Universitetinin nümayəndəsi Orxan Qarayev ali təhsil müəssisəsinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.