Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-8
- 21 noyabr, 2025
- 23:44
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub.
"Report"un əməkdaşı hadisə yerindən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır.
Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Ramin Şahbazov
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölən üç nəfərdən ikisinin kimliyi məlum olub.
"Report"un əməkdaşı hadisə yerindən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir.
Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Ramin Şahbazov
21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə "Report"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
"Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - Mərkəzdən bildirilib.
Yasamal rayonu Mirəli Seyidov 19 A ünvanında saat 19: 30 radələrində FHN-nin 112 qaynar xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizəetmə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov deyib.
"Məlumat əsasında FHN-nin Dövlət Yanğından Xilasetmə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi hadisə yerinə cəlb olunmuşdur. Yanğın hazırda tam söndürülüb. İnsanlar təxliyə edilib, mənzillər mühafizə olunub", - o bildirib.
Nazirlik rəsmisi yanğının elektrik şaxtasında baş verdiyini bildirib.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.
"Report"un əldə etdiyi ilkin məlumata görə, yanğın nəticəsində ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.
Bu barədə "Report"un hadisə yerində olan əməkdaşına Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəində bina sakinlərinin bir neçəsi tüstüdən zəhərlənib.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
"Report" xəbər verir ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.