Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir uşağın meyitini çıxarıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri tərəfindən şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan 3-4 yaşlı qızın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin yerdə daha 2 nəfərin də meyiti aşkarlanıb, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 48 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.