"Qarabağ"ın "Lion"a qalib gələcəyinə inanıram.
Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq futbolçusu Vüqar Nadirov deyib.
37 yaşlı mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsində "Lion"la üz-üzə gələcək "Qarabağ"a güvəndiyini söyləyib:
"Maddi sıxıntılar içində olmasına və transfer qadağası qoyulmasına baxmayaraq, "Lion"un futbolçuları peşəkardılar və meydana çıxıb öz oyunlarını göstərəcəklər. Hazırda komandada tanınmış futbolçular yer alır. Amma mən "Qarabağ"a güvənirəm. İnanıram ki, komandamız bacarığını ortaya qoyaraq xal qazanar. Öz meydanımızda oynamağımızı da düşünsək, "Qarabağ"ın "Lion"a qalib gələcəyinə inanıram".
O, 2014/2015 mövsümündə "Qarabağ"ın heyətində Fransa təmsilçisi "Sent-Etyen"ə qarşı keçirdiyi oyunu xatırlayıb:
"Həmin görüş 10 il əvvəl baş tutmuşdu. O illərdən bu yana "Qarabağ"da heyət dəyişib. Bununla belə, maraqlı matç keçmişdi. Əzmkar oyun nümayiş etdirmişdik. Vurduğum qolu unuda bilmirəm, həqiqətən möhtəşəm alınmışdı".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.