"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var

Digər ölkələr
  • 23 oktyabr, 2026
  • 07:26
Rosatom: Macarıstanda Pakş-2 AES layihəsinin dayandırılması ehtimalı var

Macarıstan hökumətindən konkret siqnalların olmaması səbəbindən "Pakş-2" atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin tamamilə dayandırılması ehtimalı mövcuddur.

"Report" xəbər verir ki, bunu Rusiyanın layihə üzrə işləri həyata keçirən "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov "İzvestiya" nəşrinə müsahibəsində bildirib.

"Macarıstan hökumətindən hər hansı konkret siqnalın olmaması səbəbindən hazırda layihənin daha böyük sürətlə inkişaf etməsi ilə yanaşı, tamamilə dayandırılması ehtimalı da var", – o deyib.

"Rosatom" rəhbərinin sözlərinə görə, korporasiya obyektin gələcək icrası ilə bağlı Macarıstan hakimiyyəti ilə birbaşa dialoq aparmır.

"Biz Macarıstan hökumətini rəsmi qaydada məlumatlandırırıq, hazır olduğumuzu dəfələrlə bildirmişik, lakin hələlik cavab almamışıq", – Lixaçov əlavə edib.

Macarıstanda yeganə AES olan "Pakş"ın tikintisinə 1974-cü ildə başlanılıb. "Rosatom"un baş podratçısı olduğu "Pakş-2" layihəsinin dəyəri 12,5 milyard avro təşkil edir. Layihə çərçivəsində beşinci və altıncı olmaqla iki yeni enerji blokunun tikintisi nəzərdə tutulur. Obyektdə beton tökmə işlərinə 2026-cı ilin fevralında başlanılıb.

Avqust ayında Macarıstanın Baş naziri Peter Magyar layihənin auditi üzrə aralıq nəticələrdən narazılığını bildirib. O, hökumətin ilin sonunadək müqavilələri, biznes modelini və yeni stansiyanın ölkənin enerji balansındakı rolunu təhlil etməyi planlaşdırdığını qeyd edib.