Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"
- 04 dekabr, 2022
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"Məğlubiyyət xoş deyil. Uduzmaq həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik".
"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, ölkə kubokunda qalib gəldikləri komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi: "Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xətdə topa nəzarəti itirmişdik".
Əhmədovun sözlərinə görə, artıq irəli baxmaq lazımdır: "Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".