Siyasət Əsgərov: "Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik"

Futbol
  • 07 sentyabr, 2022
  • 11:29
Siyasət Əsgərov: Bosniya və Herseqovinaya qarşı istək və xarakter göstərdik

"Bosniya və Herseqovina ilə oyunda futbolçularım istək və xarakter göstərdilər".

"Report"un məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın saytına müsahibəsində deyib.

O, dünya çempionatının seçmə mərhələsində son 2 oyunda 4 xal toplayan millinin çıxışından danışıb: "Avqustun 29-da Maltada təlim-məşq toplanışına başladıq. Oyundan 4 gün əvvəl qarşılaşmanın keçiriləcəyi ölkədə toplanmağımız komanda üçün əlavə üstünlük oldu. Sevindirici haldır ki, bu üstünlük nəticədə də öz əksini tapdı. Yekunda rəqibi səfərdə 2:0 hesabı ilə məğlub etməklə Bakıdakı məğlubiyyətin əvəzini çıxdıq".

Siyasət Əsgərov bildirib ki, Maltanı yaxşı təhlil ediblər: "Qalib gəlməyimizə əsas səbəb Malta yığmasını yaxşı təhlil etməyimiz idi. Bundan əlavə, futbolçular çox həvəsli idilər, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Onların zəif cəhətlərini bilirdik. Son təlim-məşq toplanışında məhz bu səhvlərdən necə yararlanmaq üzərində çalışırdıq. Əvvəlki oyunlarda rəqibi meydanın bizə aid hissəsində, ya da ikinci zonada qarşılayırdıq. Son 4 oyunda yeni sistemdə mübarizə apardıq. Daha dəqiq ifadə etsək, Malta ilə oyunda pressinq tətbiq edib meydanın rəqibə aid hissəsində oyun qururduq. Rəqibi səhvlər etməyə məcbur etdik və bundan da yararlanıb 2 dəfə fərqlənməyi bacardıq".

O, Bosniya və Herseqovina yığması ilə 1:1 hesabı ilə başa çatmış oyunla bağlı da danışıb: "Bosniya və Herseqovina millisi ilk turlarda xallar itirdi, ancaq sonrakı oyunlarda toparlanmağı bacardılar. Futbolçularının səviyyəsi və çıxış etdikləri klublar rəqibin hansı vəziyyədə olmasını əyani göstərir. Təəssüf ki, səfərdə keçirdiyimiz oyunun 90+4-cü dəqiqəsində qapımızdan qol buraxaraq məğlub olmuşduq. Son dəqiqə qolu futbolçulara çox pis təsir etmişdi. Çünki həmin qarşılaşmada çox yaxşı oyun nümayiş etdirmişdik. Ani diqqətsizlikdən səhv edərək, qol buraxmışdıq. Bu oyunda isə daha diqqətli olduq. Biz hər matça rəqibin oyun üslubuna uyğun olaraq hazırlaşırıq. Malta ilə oyundan fərqli olaraq, Bosniya və Herseqovina millisi ilə görüşdə oyun planında fərqlilik var idi. Oyunu meydanın rəqibə aid hissəsində qurmağa çalışırdıq. Ancaq budəfəki rəqibimiz Maltadan fərqli olaraq, müdafiənin arxasına ötürdükləri uzun toplarla oyun planımızı pozurdu. Nəticədə futbolçular irəli-geri getməklə daha çox enerji sərf edir, yorulurdular. Bizim üçün çox çətin oyun oldu. Buna baxmayaraq, futbolçularım istək və xarakter göstərdilər. Hesabda geridə olsalar da, həvəsdən düşmədilər. Hətta bərabərlikdən sonra belə qələbə topunu vurmaq üçün irəli atılırdılar".

Əsgərov seçmə mərhələnin yekununda 7 xalla 4-cü pillədə qərarlaşmış komandanın ümumi çıxışını isə belə dəyərləndirib: "Qadınlardan ibarət Azərbaycan milli komandası yeni formalaşıb, cəmi 2 seçmə mərhələdə çıxış etmişik. Gənc komandayıq. İldən-ilə inkişaf edir, təcrübə toplayırıq. 2 il əvvəlki komanda ilə müqayisə etsək, oyunlara hazırlıq baxımından, oyunun keyfiyyətində, məşqlərə yanaşmada böyük fərqlər var. Milli komanda səviyyəsində beynəlxalq oyunlar klub səviyyəsində olan oyunlardan çox fərqlənir. Biz gündən-günə, ildən-ilə daha çox yol qət edirik. Bunu seçmə mərhələdə keçirdiyimiz oyunlar, əldə etdiyimiz nəticələr də göstərir. Əvvəllər Avropa çempionatının seçmə mərhələsində cəmi 3 xal toplamışdıq, indi isə 7 xal. Əlbəttə, daha çox xal toplaya bilərdik. Əsas odur ki, yaxşıya doğru istiqamət almışıq. Bu, çox sevindiricidir. Komandanın istəkli olması, xarakter nümayiş etdirməsi məni tam qane edir. Əvvəlki oyunlarda qol vurmağa çətinlik çəkirdik. Artıq ilk oyunlarda olduğu kimi, müdafiədə “oturmuruq”. Pressinq edir, oyunu meydanın rəqibə aid hissəsində qurur, “bir nömrə” kimi oynamağa çalışırıq. Növbəti seçmə mərhələlərdə daha yaxşı oyunlar keçirib, daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Bunun üçün isə daha çox oyun keçirməliyik. Futbolçular beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsələr, daha çox təcrübə əldə edəcəklər".

Baş məşqçi seçmə mərhələdə onu ən çox təəssüfləndirən oyun barədə də danışıb: "2 oyun var ki, o oyunlardan sonra uzun müddət özümə gələ bilmədim. Biri Bosniya və Herseqovina millisinə qarşı səfər, digəri isə Maltaya qarşı ev oyunu. Səfərdəki qarşılaşmanın 90+4-cü dəqiqəsində qol buraxdıq. Halbuki, o anadək 2 real qol imkanımız olmuşdu. Bakıda Malta millisi ilə görüşdə isə heç-heçə edə bilərdik. Oyun təcrübəsinin azlığı məğlubiyyətimizə səbəb oldu. Bu seçmə mərhələdə ən zəif oyunumuz isə səfərdə Monteneqro millisinə qarşı olub".

O, komanda üzvlərinin çoxunun legioner həyatı yaşamasının əldə olunan nəticələrə müsbət təsir etdiyini deyib: "Futbolçuların bir çoxu Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələrdə legioner həyatı yaşayırlar. Bunun əsas mənfi cəhəti hər ölkənin liqasının fərqli-fərqli tarixlərdə keçirilməsidir. Bəziləri daha hazır gəlir millinin düşərgəsinə, bəzilərində isə çempionatları başlamadığına görə müəyyən çatışmazlıqlar olur. Məsələn, hazırda Rusiya çempionatı davam edir, ancaq Türkiyə çempionatı başlamayıb. Bu cür nüanslar bizim işimizə təsir edir. Artıq növbəti hədəf futbolçuların Avropa klublarına transferi olmalıdır. Bu tramplini aşa bilsək, həm futbolçular, həm də milli komanda üçün daha yaxşı olacaq. Bu tendensiya digər gənc qızlar üçün də bir stimul olar".

Əsgərov çatışmazlıq kimi gənc komanda olmalarını bildirib: "Futbolçuların ortalama yaş həddi 23-dür. Yüksək təzyiqdə, kütlə qarşısında beynəlxalq oyun, demək olar ki, görməyiblər. Yəni oyun təcrübələri elə də çox deyil. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Dediyim kimi, bunun da əsas çarəsi daha çox beynəlxalq oyun keçirməyimizdir".

34 yaşlı mütəxəssis AFFA-nın qadın futbolunun inkişafı üçün nə lazımdırsa, etdiyini vurğulayıb: "Ancaq bu təkcə AFFA-nın işi olmamalıdır. Məndə olan məlumata görə, bu ildən “Neftçi” Yüksək Qızlar Liqasında komanda ilə təmsil olunacaq. “Qəbələ” klubunun komandası var. “Sumqayıt” bu istiqamətdə işlər görür. Biz qadın futbolunu inkişaf etdirmək istəyiriksə, təkcə AFFA-nın hesabına bunu reallaşdırmaq çətindir. Klublar da qadın komandalarını yaratmaqda maraqlı olmalıdır. O zaman məşqçilərin də seçim imkanı daha çox olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti