Səməd Qurbanov: "Neftçi"yə səviyyəli, güclü oyunçular alınacaq" - MÜSAHİBƏ

Səməd Qurbanov: "Neftçi"yə səviyyəli, güclü oyunçular alınacaq" - MÜSAHİBƏ "Bildirmişdim: Futobolçular elə oynamalıdırlar ki, onları meydandan xərəkdə çıxarsınlar"
Futbol
24 May , 2021 10:12
Səməd Qurbanov: Neftçiyə səviyyəli, güclü oyunçular alınacaq - MÜSAHİBƏ
Səməd Qurbanov

"Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun "Report"a müsahibəsi

- Mayın 21-də Müşahidə Şurasının iclası keçirildi. Maraqlıdır, iclasda nələr müzakirə olundu?

- Maliyyə hesabatı dinlənildi, komanda üzvlərini təbrik etdik. Mahmud Qurbanov və Samir Abasov öz fikirlərini bildirdilər. Hər ikisinə təbriklərimizi çatdırdıq. İclas təqribən 1 saat davam etdi və təmtəraqlı keçdi. Əsl çempion toplantısı oldu.

- İclasda gələcək planlar barədə nə danışıldı? Məsələn, bundan sonra komandadan hansı futbolçuların göndəriləcəyi gözlənilir?

- Xeyr, bu barədə heç bir söhbət olmadı. Yəqin, 1 aydan sonra yenidən toplaşacağıq. Həmin vaxt hər şey öz yerini tapacaq.

- Yəqin ki, növbəti iclasda transferlərə xərclənəcək məbləğ və digər məsələlər müzakirə ediləcək...

- Bəli, həmin iclasda transfer məsələsi müzakirə olunacaq. Samir Abasova tapşırıldı ki, transfer istədiyi mövqeləri müəyyənləşdirsin və müvafiq oyunçuları nəzərində saxlasın. Elə etməliyik ki, komanda Çempionlar Liqasına yaxşı heyətlə qatılsın və uğurla çıxış etsin.

- Samir Abasov komandada kimləri istəyib-istəmədiyini söyləmədi?

- Xeyr, bu barədə danışmadıq. Adi müzakirə oldu.

- "Neftçi"nin Çempionlar Liqasında şanslarını necə qiymətləndirirsiniz?

- Biz güclü komandalara qarşı daha yaxşı oynayırıq. Çempionlar Liqasında iddialı, səviyyəli klublar çıxış edir. Yadınızdadırsa, Avropa Liqasında Rusiya "Arsenal"ına səfərdə 1:0, evdə isə 3:0 hesabı ilə qalib gəlmişdik.

- Necə düşünürsünüz, hazırkı heyət kifayət edəcək, yoxsa çoxlu sayda transfer olmalıdır?

- Təbii ki, yeni transferlər lazımdır. Səviyyəli, güclü oyunçular alınacaq.

- Hansı mövqelərdə çatışmazlıq görürsünüz ki, oraya konkret olaraq futbolçu transfer edilməlidir?

- Hazırkı heyət yaxşıdır. Hücum və yarımmüdafiə xəttinə 2-3 səviyyəli oyunçu alınsa, komanda daha da güclənəcək.

- "Neftçi"nin "Qarabağ"ın hegemonluğuna son qoyması paytaxt klubu üçün dönüş nöqtəsi ola, komanda bundan sonra əvvəlki əzəmətini qaytarıb, ardıcıl çempionluqları sıralaya bilərmi?

- Bir ay əvvəl demişdim ki, "Neftçi" və "Qarabağ" 1-2-ci yerlər uğrunda oynayacaq. Ağdam təmsilçisi güclü komandadır, səviyyəli oyunçuları var və onlar meydanda özlərini çox sərbəst aparırlar. Amma söyləmişdim ki, buna baxmayaraq, "Neftçi" qələbə qazanacaq, öz adını qaytaracaq. Bunu da bildirmişdim: futbolçular elə oynamalıdırlar ki, onları meydandan xərəkdə çıxarsınlar. Elə də oldu. Meydana çıxıb öz sözlərini dedilər, bütün güclərini ortaya qoydular. Mənə elə gəlir ki, növbəti mövsümlərdə də bu komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi