Rauf Əliyev: "Qarabağ" ilk dəqiqələrdə qol buraxmasa, "Nyukasl"la heç-heçə edə bilər"
- 18 fevral, 2026
- 15:03
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda "Nyukasl"la (İngiltərə) qarşılaşacaq "Qarabağ" ilk dəqiqələrdə qol buraxmayacağı təqdirdə heç-heçə edə bilər.
Bunu "Report"a açıqlamasında Ağdam klubunun və Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
Mütəxəssis yaxşı nəticəyə ümid edir:
"Doğma meydanda heç-heçə etmək şansımızın olduğunu düşünürəm. "Nyukasl" Premyer Liqa klubu olsa da, "Liverpul" və ya "Mançester Siti" kimi nəhənglərlə müqayisədə "Qarabağ"ın onlarla evdə heç-heçə etməsi mümkündür. Niyə də bərabərlik olmasın? Futbolda istənilən nəticə qeydə alına bilər. "Qarabağ" bizi əvvəlki oyunlarda da təəccübləndirməyi bacarıb. Ümidimiz var ki, yaxşı nəticə qazanılacaq".
O, rəqibin yarada biləcəyi təhlükələrdən də söz açıb:
"Premyer Liqa klubları digər ölkələrin təmsilçilərindən daha çox sürətə görə fərqlənirlər. Onlar daha sürətli komandalardır və bu, bizim üçün böyük təhlükə yarada bilər. Fikrimcə, "Nyukasl" ilk dəqiqələrdən oyunun tempini yüksəltməyə çalışacaq. Əsas odur ki, matçın startında qol buraxmayaq. Belə olarsa, hər şey yaxşı bitə bilər".
Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.