Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ “Səbail”in futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasına “Şahdağ”da başlayıb.
Futbol
16 Dekabr , 2022 15:50
Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ
Rahid Əmirquliyev

“Səbail”in futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasına “Şahdağ”da başlayıb.

2003-2006-cı illərdə Qusar klubunun heyətində yüksək liqada çıxış edən yarımmüdafiəçi 2006-cı ildə keçdiyi “Xəzər Lənkəran”da 10 il oynayıb. 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinmiş oyunçu artıq 4 ildir ki, “Səbail”in şərəfini qoruyur.

2007-2018-ci illər aralığında Azərbaycan millisinin heyətində 60 oyunda iştirak edən və 3 qola imza atan Rahid Əmirquliyev “Report”un suallarını cavablandırıb.

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda dekabrın 19-da “Sabah”ın qonağı olacaqsınız. Üç top fərqi ilə önə keçdiyiniz evdəki ilk görüşdə 3:2 hesablı qələbə sizin üçün uğur, yoxsa uğursuzluqdur?

- Kubok oyunları çempionatdan fərqli olur. Bizim də Premyer Liqada işlərimiz yaxşı getmədiyi üçün kubokda mərhələni adlamaq istəyirik. “Sabah”la birinci oyunda böyük üstünlüyə malik olsaq da, son dəqiqələrdə buraxdığımız iki qolla rəqibə cavab matçı üçün ümid verdik. Halbuki, böyükhesablı qələbə qazana bilərdik. Düzdür, yenə də qalib gəlmişik. Ancaq nəzərə alaq ki, cavab matçı rəqibin meydançasında olacaq. Buna görə də evdəki qarşılaşmada böyük fərqlə qələbə qazansaydıq, cavab görüşünə nisbətən rahat çıxardıq. Bəlkə də, hesab 3:0 olanda arxayınlaşdıq, fikirləşdik ki, hər şey bitib. İstənilən halda bunun davamını dekabrın 19-da gətirmək olar.

- Yay fasiləsindəki dəyişikliklərdən sonra bu mövsüm Premyer Liqada iddialılardan olması gözlənilən “Səbail” hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb. Bu uğursuz çıxışın səbəbi nədir?

- Həqiqətən də, mövsümün əvvəlində “Səbail”də çox dəyişikliklər oldu, əksəriyyət komandadan uğurlu nəticələr gözləyirdi. Açığı, biz də yüksək yerlər uğrunda mübarizə aparacağımıza inanırdıq. Çünki yaxşı heyətə malikik. Ancaq digər tərəfdən yeni qurulan kollektivik.

- Amma yayda heyətində islahatlar aparan yeganə komanda siz deyildiniz...

- Razıyam. Hamı eyni deyil. Əcnəbi futbolçularımızdan gözləntilərimiz çox idi. İstədiyimiz oyunu onlardan hələ ala bilmirik. Bu da müəyyən problemlərə yol açdı. Yenə də düşünürəm ki, normal heyətimiz var, istənilən rəqibə başağrısı ola bilərik. Bəzi matçlarda bunu sübut etmişik. Əsas problemlərimizdən biri stabil olmamağımızdır. Gah yaxşı çıxış edirik, gah da pis.

- “Səbail”də geriləmə yaşanmasının fonunda siz milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra yenidən əsas heyətdəki yerinizi möhkəmlətməyi bacardınız. Həmin qısa dönəmdə nələr yaşandı?

- Mövsümün ilk turuna start heyətində başlasam da, sonradan ehtiyatda qaldım, çox matçda iştirak etmədim. Oynayıb-oynamamağım məşqçinin qərarından asılıdır. Millinin matçları ilə bağlı yaranmış qısa fasilədə əlavə individual məşq etdiyimi, forma yığdığımı deyə bilmərəm. Onsuz da, həmişə maksimum gücümlə məşq etmişəm, formada qalmağa çalışmışam. Nə vaxt meydana çıxmışamsa, komandamın uğuru üçün əlimdən gələni eləmişəm. Nə zaman mənə ehtiyac yaranırsa, oynamağa hazır oluram. Bəlkə də, komandaya fayda verdiyimi gördüyü üçün baş məşqçi son vaxtlar məni müntəzəm meydana buraxır. Mahmud Qurbanov hansı qərarı veribsə, həmişə hörmətlə yanaşmışam.

- Premyer Liqanın 18-ci turunda “Qarabağ”la matçda Azərbaycan çempionatları tarixində 450-ci oyununuza çıxa bilərsiniz. Bu baxımdan rekordçusunuz. Karyeranızdan razısınız?

- Düzdür, çempionatda ən çox oyun keçirən futbolçuyam. Futbola gələndə heç düşünməzdim ki, nə vaxtsa bu göstəricidə rekordçu olacağam. Karyeramdan razıyam, başıma nə gəlibsə, şükür eləmişəm. Hamı kimi mən də legioner həyatı yaşamaq istəyirdim. Bir az xaricdə oynamaq yaxşı olardı. Ancaq bunu indi fikirləşirəm. Gənc vaxtlarımda təkliflər var idi, gedib oynaya bilərdim. Getmədiyim üçün peşman da deyiləm. Amma yenə də ölkə xaricində təcrübə keçmək maraqlı olardı. O ki qaldı rekorduma, hazırkı oyunçulardan kiminsə bunu yeniləyəcəyini düşünmürəm. Yəqin ki, gələcəkdə kimsə bu rekordu qıracaq.

- Azərbaycan millisinə sonuncu dəfə çağırılanda 28 yaşınız var idi. Hazırda 33 yaşınızın olduğunu nəzərə alsaq, yığma dəftərini bağladığınızı demək olar?

- Doğrudur, çoxdandır milliyə çağırılmıram. Orada hansısa siyahıda olub-olmadığımı da bilmirəm. Bununla heç maraqlanmamışam. Amma düşünürəm ki, milli karyera mənim üçün başa çatıb. Klub karyeramın nə qədər davam edəcəyini bilmirəm. Yığma dəftərini isə bağlamışam.

- Millidən söz düşmüşkən, komandanın 2023-cü ilin martında startı veriləcək AVRO-2024-ün seçmə mərhələsindəki şanslarını necə görürsünüz?

- Yığmanın son 5 oyunda ardıcıl qələbələr qazanması sevindirici haldır. Bunu həmişə arzulamışıq. Ancaq nəzərə alaq ki, bunlar Millətlər Liqasında əhəmiyyəti qalmayan oyunlar və yoldaşlıq görüşləri idi. Rəsmi matçla sınaq qarşılaşması arasında çox böyük fərq var. Buna görə də hesab edirəm ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə çətin olacaq. Çünki böyük komandalarla matçlar keçiriləcək. Qrupda yalnız Estoniya ilə başabaş oynamaq olar. Digər komandalar çox güclüdürlər. Hamımız istərdik ki, qələbə seriyasının davamı gəlsin. Qrupda güclülərdən hansınısa büdrədə bilərik. Amma ilk iki yer uğrunda yarışmaq real görünmür.

- Qətərdə keçirilən dünya çempionatında dekabrın 18-də Fransa ilə Argentina yığmaları arasında final oyunu keçiriləcək. DÇ-2022-dəki matçlar ürəyinizcə keçdi?

- Dünya çempionatını hər kəs kimi, mən də izləyirəm. Maraqlı oyunlar oldu. Mərakeş yığması bu turnirdə xüsusi diqqətimi çəkdi. Yarımfinala qədər rəqib komandalar onlara qol da vura bilməmişdilər. Yəqin ki, heç kim Mərakeşin yarımfinala qədər irəliləyəcəyini gözləmirdi. Turnirin startında Səudiyyə Ərəbistanı və Yaponiyanı sürpriz sayanlar var idi. Əslində, Xorvatiyanın da yarımfinala yüksələcəyinə inanmırdım. 1/4 finalda Braziliya kimi rəqibi üstələdilər. Halbuki dünya çempionluğuna əsas favoritim Braziliya idi. Lakin Fransa və Argentinanın finala yüksəlməsi də gözlənilməz olmadı.

- Finalla bağlı proqnozunuz nədir?

- Mən turnirdən əvvəl Braziliya – Fransa finalını proqnozlaşdırırdım. Braziliya ümidlərimi doğrultmasa da, Fransa sona qədər gəlib çıxa bildi. Məncə, çempion da elə Fransa yığması olacaq.

- “Səbail”in argentinalı futbolçuları Fakundo Kardozo və Franko Mazurek finalla bağlı nə düşünürlər?

- Hər ikisi millilərini dəstəkləyir. Argentina yığmasının oyunu zamanı çox həyəcanlı olurlar. Qrupun ilk matçında Səudiyyə Ərəbistanına uduzanda onlarla çox zarafat edirdik. İndi hamımız gözləyirik ki, Argentina finalda uduzsun, onlarla zarafatlaşaq.

- Argentina yığmasının kapitanı Lionel Messinin liderlik xüsusiyyətinə malik olmadığını düşünənlərin sayı heç də az deyil. Dünya çempionatı zamanı aqressiv görünməsini, nəhayət ki, liderlik bacarığını ortaya qoyması ilə əlaqələndirmək olar?

- Messiyə lider deməmək olmaz. “Barselona”da da , PSJ-də də, Argentina yığmasında da həmişə lider olub. Düzdür, son vaxtlar çox aqressivləşib. Onu da başa düşmək olar. Çünki son dünya çempionatıdır və çempion olmaq istəyir. Aqressivliyi də bundan irəli gəlir. Messi dünyanın bir nömrəli futbolçusudur.

Son xəbərlər

Orphus sistemi