Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynayacağıq" "Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir oyundan ibarətdir. Yaxşı komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçuların nə lazımdırsa edəcəklər"
Futbol
25 Avqust , 2020 14:02
Qurban Qurbanov: Yaxşı komandaya qarşı oynayacağıq
Qurban Qurbanov

"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir matçdan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq". 

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada futbolçuların nə lazımdırsa, edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: "Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl 4 dəfə qarşılaşmışıq, amma buna fikir vermirik. Bizi çətin oyun gözləyir. Meydana gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq". 

Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun meydanda faydalı iş əmsalı çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır". 

Qurbanov ötən mövsümün sonunda karyerasını başa vuran Rəşad Sadıqovla yeni mərkəz müdafiəçisi Kevin Medinanı müqayisə edib: "Rəşadın meydanda yoxluğunu hər kəs hiss edir. İstərdik ki, onun kimi lider komandamızda olsun və bunu hamı arzulayır. Dünya praktikasında da belə bir şey var. Onun meydanda olması komandaya böyük kömək idi. Yoxluğunu hiss edirik. Medina ilə Rəşad fərqli oyunçulardır. Hərəsinin öz üslubu var. Amma Kevindən də başqa cür faydalanırıq. Tam uyğunlaşmayıb, lakin komandaya güc qatır. Düzdür, komandadakı gənclərə Rəşadın uşaqları demişdim. Amma bu gün komandada olan gənclər böyük ehtimalla burada olacaqlar. Cavan futbolçuların başqa komandalarda çıxışına qarşı deyiləm. Gələcəkdə hər şey ola bilər". 

Mütəxəssis hücumçu Mahir Emrelidən tam razı olduğunu söyləyib: "Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur. Dino Ndlovu da yeni gələndə tənqid olunurdu, amma sonradan faydası dəydi. Mahir əvvəl gənc idi, təcrübəsi çatmırdı. İndi ondan daha çox şey gözləyirik. Amma bir mövqedə 2-3 futbolçunun olması daha yaxşıdır. Musa Qurbanlı barədə fikir bildirməsəm, daha yaxşı olar. Bu barədə danışmaq tezdir. Qapıda ya Emil Balayev, ya da Şahruddin Məhəmmədəliyev olacaq".

Baş məşqçi yeni transferlə bağlı işlərin müsbətə doğru getdiyini sözlərinə əlavə edib: "Yeni transferimiz yarımmüdafiəçi mövqeyində çıxış edir. Bu oyuna çatmayacaq, amma növbəti matçda heyətimizdə ola bilər". 

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi