“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, bu uğur Azərbaycan futboluna təkan verəcək: “Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”.
Qurbanov 9 il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib: “Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”.
Təcrübəli baş məşqçi pley-offdakı rəqiblərin güclü olduğunu vurğulayıb: “Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”.
Qeyd edək ki, "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.