Premyer Liqa: 4 penalti qolunun vurulduğu oyunda “Qarabağ” xal itirib

Premyer Liqa: 4 penalti qolunun vurulduğu oyunda “Qarabağ” xal itirib Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Futbol
11 Fevral , 2024 21:01
Premyer Liqa: 4 penalti qolunun vurulduğu oyunda “Qarabağ” xal itirib

Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə bir oyun keçirilib.

Lider “Qarabağ” turun ən diqqətçəkən matçında “Sabah”ı qəbul edib. Maraqlıdır ki, bol qollu alınan qarşılaşmada 6 qolun ilk 4-ü penaltidən vurulub.

31-ci dəqiqədə meydan sahiblərindən Marko Yankoviç hesabı açıb. Ancaq birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə İshak Belfodil qapıçı ilə dueldən qalib ayrılıb. Fransalı hücumçu 54-cü dəqiqədə dubla imza atıb. Lakin ev sahibləri 10 dəqiqə sonra hesaba tarazlıq gətiriblər. Bu dəfə təyin olunan onbirmetrlik zərbəni çempionatın bombardiri Olavio Juninyo dəqiq yerinə yetirib.

90+5-ci dəqiqədə qonaqlar Tellur Mütəllimovun uzaq məsafədən qarşısıalınmaz zərbəsi sayəsində yenidən önə keçiblər. Buna baxmayaraq, qələbə hesabını qorumaq mümkün olmayıb. Son dəqiqələrdə bir neçə epizodda komandasını qoldan xilas edən Yusif İmanov 90+7-ci dəqiqədə Yassin Benzianın zərbəsindən sonra üstünə gələn top qarşısında aciz qalıb. Qolkiperin kobud səhvi sayəsində “Sabah” qələbəni əldən verib.

Beləliklə, görüş 3:3 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 51-ə çatdırıb. 5-ci pillədəki “Sabah”ın isə 28 xalı var.

Qeyd edək ki, turun digər oyunları fevralın 12-13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi