"Növbəti raunda keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq".
"Report"un məlumatına görə, bunu "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb: "Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik".
O, cavab görüşündə işlərinin çətin olacağını etiraf edib: "Qarabağ" son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər".
Belçikalı baş məşqçi azarkeşləri stadiona gəlməyə səsləyib: "Qarabağ"ı keçsək, daha tanınmış komandalarla qarşılaşa bilərik. Qarşıda duran vəzifə çətindir, amma mümkünsüz deyil. Bu raundu adlayıb püşkatmada münasib rəqiblə düşsək, 1/4 finala da yüksələ bilərik. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir. Mümkün qələbə həm 600 000 avro gəlir, həm də prestij deməkdir".
Vanhazebruk zədəli futbolçuların durumuna da toxunub: "Həmin futbolçuların vəziyyəti yaxşıdır. Amma bu, onların hamısının oynaya biləcəyi demək deyil. Ümid edirik ki, Alessio Kastro-Montes matçadək tam bərpa olunacaq. Bu gün qismən məşq edib. Cozef Okumu hazırlıqda yer aldı, amma təkrar müayinədən keçməlidir. Endryü Hülsager ümumiyyətlə məşqə qatılmadı. Odur ki, cavab matçında oynamayacaq. Qalan futbolçular isə hələ də reabilitasiya mərhələsindədirlər. Start heyətində təxminən son çempionat matçındakı futbolçular olacaq. Amma bu dəfə Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratını yaratmaq üçün heyətə bir neçə gənc futbolçu cəlb etmişik (gülür).
Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.