Braziliya millisinin və İspaniyanın "Valensiya" klubunun sabiq futbolçusu, konsert zamanı qaçırılan Marselinyo Karioko mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.
“Report”un məlumatına görə, bu barədə “Globo” xəbər yayıb.
Futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.
Bu işlə əlaqədar 1 nəfər şübhəli bilinərək həbs edilib. Karioko sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.
Kariokanın indi 52 yaşı var. O, 2009-cu ildə yerli "Santo Andre" klubunda çıxış edərək təqaüdə çıxıb. Avropada "Valensiya" və Fransanın "Ayaçço" komandasındakı çıxışları ilə tanınır. 1998-2001-ci illərdə Braziliya millisində 4 oyun keçirib.